SHORAYEL

Alagöz dağının ətəklərindən  Arpaçayı vadisi boyunca uzanan və Arpa gölünün ətrafını əhatə edən ərazinin dağlıq hissəsi Ağbaba və Qayqulu eli, aran hissəsi isə Şörəyel adlanır. Ağbaba dağlarının ətəkləri ilə axan  Arpaçayın vadisi boyunca cənuba doğru, dəniz səviyyəsindən 1500-1800 metr yüksəklikdə  dağlıq ərazini tədricən düzənliklər əvəz edir. Bu ərazilər Şörəyel adlanır. Arpa çayı Şörəyeli iki hissəyə ayırır. Şörəyelin qərb hissəsi Türkiyə ərazisində Qars vilayətindədir. Alagöz, Cacur, Yasovul, Qarakahya və Saqqızlı dağları ilə əhatə olunan ikinci hissəsi- Şərqi Şörəyel isə, indiki Ermənistan ərazisindədir.

Ən qədim zamanlardan Şörəyel ərazisi türk tayfalarının ilkin məskunlaşdığı ərazilərdən hesab olunur.   Tarixi mənbələrdə  hələ eramızdan əvvəl  III-II əsrlərdə xəzərlərin bir qolu olan Sirak tayfalarının Qafqaz dağlarını aşaraq Azərbaycana gəlmələri, Araz və Arpaçayı boyu yerləşmələri yazılır.   

Qədim türk mənbələrində Şüregel və ya Şoragel kimi adlandırılan  bu ərazidə   Şirək adlı qala və kəndin mövcudluğu  Şörəyel sözünün Şirək eli ifadəsinin  dəyişikliyə uğramış forması olduğunu deməyə əsas verir.

İndiki Ermənistan daxilində yerləşən Ağbaba mahalı 1921-ci ilə kimi Qars vilayətinin (əvvəllər Qars padşahlığının), Qızıiqoç (indiki Qukasyan), Gümrü (indiki Qumayri), Düzkənd (indiki Axuryan), Ərtik (indiki Artik) rayonlarının əraziləri isə XVIII əsrdə Şörəyel sultanlığının tərkibində olmuşdur.

1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında bağlanan Gülüstan müqaviləsinə əsasən Şəmşədil, Loru-Pəmbək və Şörəyel əyalətləri Rusiyanın tərkibinə qatıldı və Tiflis quberniyasının ərazisində Loru, Pəmbək və Şörəyel mahallarını birləşdirən Pəmbək-Şörəyel distansiyası yaradıldı. İlk dövrlərdə buraya 20 min kazakın yerləşdirilməsi nəzərdə tutulsa da  1827-ci il oktyabrın 1-də İrəvan xanlığının,  1828-ci il iyunun 23-də isə  Qarsın işğalından sonra plan dəyişdi.

Yeni plana görə  Şörəyelin yerli əhalisi sıxışdırılıb çıxarıldı və onların yerinə Ərzurum və Qarsdan olan 2500 erməni ailəsi yerləşdirildi.

 XX əsrin əvvəllərində bu bölgədə yerləşən əhalinin 70%- ni, əsrin ortalarında 50%-ni azərbaycanlılar təşkil edirdi.  əsrin sonunda bölgədə ermənilər çoxluq təşkil edirdi. XX əsrin əvvəlindən başlayaraq burada yaşayan türk əhali Rusiya siyasətinin nəticəsi olaraq ermənilər tərəfindən kütləvi surətdə öz ata-baba torpaqlarından zorla qovuldu. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra  30-cu illərdə  Ermənistan SSR ərazisində aparılan inzibati-ərazi bölgüsünə görə Şərqi Şörəyel ərazisində isə Düzkənd, Ağin və Ərtik  rayonları təşkil edildi.