VEDIBASAR

Ağrıdağ vadisinin Böyük Ağrı və Kiçik Ağrı dağ zirvələri ilə üzbəüz hissəsində, Araz çayının şərq sahilindən başlayaraq Göyçə mahalına qədər uzanan, bir tərəfdən  Şərur və Dərələyəz, digər tərəfdən isə Gərnibasar mahalları ilə əhatə olunan ərazi   Vedibasar mahalıdır. Qədim yazılı mənbələrdə, eramızdan əvvəl 1200-cü ilə aid Assuriya mixi yazılarında adı çəkilən türkdilli Qarqar, Xarxar ölkəsinə Vedibasar mahalı ilə yanaşı, Zəngibasar, Gərnibasar və Qırxbulaq mahallarının ərazilərinin  də daxil olduğu göstərilir.

Vedibasarın düzənlik hissəsində tikilmiş Gavur qala, Torpaqqala, Gərni çayı boyunca dağlara doğru qalxdıqca Qızıldağ və Ağdağ dağ silsilələri boyu səpələnmiş irili xırdalı qalalar və qalaçalar bu yerlərin qəhrəmanlıq tarixinin  lal şahidləridir. 

1827-ci il  oktyabrın 1-də İrəvan qalasının süqutundan sonra bütün İrəvan xanlığının ərazisi kimi, Vedibasar mahalı da Çar Rusiyasına qatıldı. Həmin dövrdə Vedibasar mahalında 3449 nəfər azərbaycanlı, 15 erməni yaşayırdı.

1847-ci ildə  xanlığın ərazisində yaradılmış İrəvan quberniyasının tərkibində Zəngibasar, Gərnibasar, Vedibasar və Qırxbulaq mahallarını özündə birləşdirən İrəvan qəzası təşkil edildi.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda  Vedibasar  mahalının ərazisi Ermənistan və Azərbaycan arasında mübahisəli ərazilər hesab olunurdu. Azərbaycan Cümhuriyyəti bu ərazilərə faktiki nəzarət edə bilmədiyindən, ermənilər buranı ələ keçirmək üçün dinc müsəlman əhalini qətlə yetirir, evlərə, kəndlərə od vurub yandırır, qocalara, qadınlara, uşaqlara amansızcasına divan tuturdular.

Ermənistanda Sovet hakimiyyəti qurulduqdan 10 il sonra, 1930-cu il sentyabrın 9-da Vedibasar  mahalının ərazisində Vedi rayonu yaradıldı. 1936-cı ildə rayon Vedi və Qarabağlar rayonuna bölündü. 1948-ci ildə Qarabağlar rayonu yenidən Vedi rayonuna birləşdirildi. 1964-cü ildə isə Vedi rayonu tamamilə ləğv edilərək Qəmərli rayonu ilə birləşdirildi. Lakin  tezliklə Vedi rayonu yenidən müstəqil rayon kimi təşkil edildi.1968-ci il mayın 5-də  Vedi adı dəyişdirilərək Ararat  adlandırıldı. 

1948-53-cü illərdə azərbaycanlı əhalinin böyük hissəsi Azərbaycan SSR-ə deportasiya olunsa da, 1988-ci ilə kimi  rayonun Arazdəyən, Xalisə, Şidli, Şirazlı, Qaralar, Yengicə, Taytan, Kiçik Vedi, Böyük Vedi, Şıxlar, Afşar, Aşağı Qarabağlar, Dəvəli, Daşlı, Armaş, Çəmbərək kəndlərində azərbaycanlılar yaşayırdı.