QIRXBULAQ

Şimaldan Dərəçiçək, Şimal Qərbdən Abaran, Qərbdən Kərpibasar, Cənubdan Gərnibasar, Şərqdən isə Göyçə mahalları ilə əhatə olunan Qırxbulaq mahalının adı ərazisindən keçən Qırxbulaq çayından götürülüb.

1728-ci ilin icmal dəftərində Osmanlı İmperiyasının İrəvan əyalətinin Qırxbulaq nahiyəsi kimi göstərilən mahal, sonralar İrəvan xanlığının tərkibinə daxil olub. Göyçə və Dərəçiçək mahallarından Axmanqan dağları, Zəngibasar və Gərnibasar mahallarından isə Zəngiçay çayı ilə ayrılan və qismən İrəvanı əhatə edən bu əhəmiyyətli mahal xanlığın mərkəzində yerləşirdi. Qırxbulaq mahalının 22 böyük kəndi İrəvanı gündəlik istehlak məhsulları ilə təmin edirdi. İnzibati mərkəzi Kənəkır kəndi idi.

Qırxbulaq mahalı Şimaldan İrəvana gələn əsas yolların üstündə yerləşdiyindən Rus İmperiya qoşunlarının 1801, 1804, 1808 və 1827-ci illərdə İrəvan qalası üzərinə yürüşləri zamanı mahalın əksər kəndləri dağıdıldı və burada sonradan ermənilər yerləşdirildi. 1905-ci ildə ermənilərin törətdikləri qırğınlar zamanı isə Gözəcik, İynədüz, Güllücə, Qaracaörən, Qaraqala, Damcılı,  Quyulu, Qızqala, Qızılqala kəndlərinin əhalisi tamamilə qətlə yetirildi. 1930-cu ildə Qırxbulaq mahalının ərazisində Ellər rayonu təşkil edildi. 1948-ci ildə buradan sonuncu azərbaycanlı əhali də deportasiya olunduqdan sonra rayonun adı dəyişdirilərək Kotayk edildi.