ABARAN
Abaran mahalı Alagöz dağının şimal-şərqində, Pəmbək dağının şərqində Abaransu (Kasax) çayının sahillərində yerləşir. Mahal Şimaldan Pəmbək, Şərqdən Dərəçiçək, Qərbdən Şörəyel, Cənubdan isə Seyidli-Axsaxlı mahalları ilə həmsərhəddir. Mahal ərazisindəki 39 yaşayış məntəqəsi əsasən Böyük Çobanqara türk tayfaları ilə məskunlaşmışdı. Mahalın inzibati mərkəzi Baş Abaran yaşayış məntəqəsi idi.
Mənbələrdə I-V əsrlərdə burada Abar (Avar) türk tayfalarının məskunlaşdığı haqqında məlumatlara rast gəlinir. XVI əsr sənədlərində İrəvan əyalətində Abaranoğlu adlı kəndin olması Abaran adlı türk mənşəli tayfanın mövcud olmasının təsdiqidir.
Ərəb işğalından sonra mahal XI–XIII əsrlərdə səlcuqların, XIV–XV əsrlərdə monqolların tabeliyinə keçib. XVI əsrdən XIX əsrin 30-cu illərinə kimi İrəvan xanlığının mahallarından biri olub. XIX əsrin 40-cı illərindən 1920-ci ilə qədər İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibinə verilib. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra, 1921-ci ildən 1930-cu ilə qədər Baş Abaran adı ilə Ermənistan SSR Eçmiədzin qəzasının inzibati ərazi bölgüsünə daxil edilib. 9 sentyabr 1930-cu ildə mahal ərazisində Abaran adında rayon yaradılıb.