Aşıq yaradıcılığında deportasiya və soyqırımı

Avtandil AĞBABA,

filologiya elmləri doktoru, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü

Bütün dünyada “yazıq və məzlum” bir xalq kimi özlərini tanıdan ermənilər son 200 ildə xalqımıza qarşı törətdikləri soyqırımı, hərbi cinayətlər, terror aktları vasitəsilə yüz minlərlə azərbaycanlını qətlə yetirmiş, insanlıq adına sığmayan vəhşiliklər törətmişlər.

1918-ci ilin 30 mart – 3 aprel tarixləri bəşər sivilizasiyasına qanlı hərflərlə yazılan faciəvi günlərdir. Dörd gün ərzində erməni daşnakları Bakı və onun ətrafında, həmçinin Qarabağ, Naxçıvan, Zəngəzur, Şamaxı, Quba, Lənkəran və digər bölgələrdə otuz mindən çox azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirmiş, on minlərlə insanı dədə-baba torpaqlarından zorakılıqla didərgin salmışlar. Bu qəddarlıq və qırğınlar o dövrdə Bakı Sovetinin diktəsi ilə fəaliyyət göstərən daşnak-bolşevik quldur dəstələrinin əlbirliyi ilə həyata keçirilmişdir. Bu qanlı fəlakətlər Qərbi Azərbaycanda da qorxunc qətliamlarla tarixə həkk olunmuşdur.

Həmin qədim türk torpaqlarında bu gün bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Xalqımızın Ümummilli Lideri H.Ə.Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanında deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir”.

Mərhələ-mərhələ gerçəkləşdirilən deportasiya, soyqırımı və repressiyalarda yüz minlərlə insan öz həyatını itirmiş, görünməmiş vəhşiliklərə, qeyri-insani hərəkətlərə məruz qalmış, xaqımızın qurub-yaratdığı minlərlə tarixi-mədəni abidə, yaşayış məskəni dağıdılıb viran edilmişdir. Ulu Öndərimizin başqa bir – 18 dekabr 1997-ci il tarixli fərmanında göstərdiyi kimi, “son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətə, milli faciə və məşəqqətlərə məruz qalmışdır”.

Milli liderimizin dərin məzmunlu bu fərmanları böyük siyasi və ideoloji əhəmiyyət daşıyır. Soyqırımı və deportasiyalar, qırğınlar, zorakılıq və məşəqqətlər Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada qanlı izlərini buraxmasın. Bütün bu törədilən cinayətlər xalq sənətkarlarının yaradıcılıqlarında ürək yanğısı ilə əks olunmuşdur.   

Aşıq Şörəyelli Əfkarinin “1853-1854 Şörəyel dastanı” adlı şeirində Gümrü ilə Qars arasında yerləşən Şörəyel bölgəsinin rus orduları tərəfindən işğalı və bu işğalı zamanı yerli əhaliyə – türk övladlarına tutulan divan təsvir edilir.      

Bu şeiri qoşma yox, qoşma-mənzumə adlandırmaq daha düzgün olar. Çünki ermənilərin Şörəyeldə törətdiyi fəlakətlər, görünməmiş qanlı qırğınlar uydurma deyil, tarixi həqiqətlər, xalq sənətkarının gördüyü real gerçəkliklərdir. Həm də bu faciələri, zülm və işgəncələri rus qoşunları ilə birlikdə erməni əsilli Behbudov kimi çar generalları törədirdilər.

Türkün qanına susayan bu qaniçənin qəddarlığından, gördüyü qanlı səhnələrdən aşıq dəhşətə gələrək yazır:

Behbudov baxmadı çörəyə, duza,

Vay-şivən yetişdi oğula, qıza.

Mövlam qəhr eləsin, qoymasın gözə,

Sərildi yerlərə leşin, Şörəyel.

 “Behbudov baxmadı çörəyə-duza” misrası ilə müəllif erməni xislətini, onların nankorluğunu və namərdliyini açıb göstərmişdir.

Ermənilər tarixən həmişə türkə qarşı amansız mövqedə dayanmış, sanki axıtdıqları insan qanlarından, törətdikləri qətllərdən zövq almışlar. Şörəyelli Əfkarinin “Şörəyel dastanı” şeirində erməni zülmünün təsviri ilə, Çorlu Məhəmmədin “Talanmış” (1915) divanisindəki təsvir, demək olar ki, eynidir. Yazılma tarixləri arasında əlli ildən çox müddət olmasına baxmayaraq, hər iki şeirdə ermənilərin amansızlığı və rəhmsizliyi, soyqırımı, insan fəryadları sanki eyni müəllif tərəfindən qələmə alınmışdır. Çorlu Məhəmməd “kaş gözlərim kor olaydı”, – deyə bu müsibətə ağlayır, erməni zülmünü, amansız vəhşilikləri lənətləyir:

Qan gölündə boğulubdur türk elləri burada,

Ay-ulduzlu türk ordusu görən qalıb harada?

Qətl olanlar tikə-tikə, doğram-doğram orada,

Şörəyelin, Ağbabanın mal-dövləti talanmış.

Bu misralar bədii təsvir deyil,  bir millətin digər millətə qarşı törətdiyi qanlı aksiyaların, amansız soyqırımın, zülm və işgəncənin tarixi görüntüləridir. “İki əsrlik imperiya siyasətinin nəticəsi kimi azərbaycanlılara qarşı dəfələrlə törədilən qırğınlar, soyqırımları, deportasiyalar” onların yaşadıqları coğrafi ərazilərin bütün hüdudlarını əhatə etmişdir.

Tarixdən bəllidir ki, rus işğalına, erməni zülmünə qarşı el-obanın qeyrətli və adlı-sanlı igidləri də cəsarətlə vuruşurdular. Qərbi Azərbaycanın Ağbaba mahalında Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd ağanın səxavəti, milli təəssübkeşliyi, qoçaqlığı haqqında indi də maraqlı əhvalatlar dolaşmaqdadır. Kərbəlayı Məhəmməd ağa ilə bağlı bir əhvalatı qeyd etmək burada yerinə düşər. Yaşlıların dediklərinə görə, bir dəfə daşnak Andranikin dəstələri keçmiş Qızılqoç rayonunun Böyük Şiştəpə kəndində onlarla azəri türkünü qətlə yetirdikdən sonra Kərbəlayı Məhəmməd ağaya xəbər göndərmişdilər ki, Böyük Şiştəpədə yaxşı kabab çəkmişik, gəlin, yeyin. Öz dəstəsi ilə kəndə gələndə gördükləri mənzərədən hamı dəhşətə gəlmişdi: ermənilər öldürdükləri azərbaycanlıların meyitlərini üst-üstə yığaraq süngüyə taxmışdılar. Kərbəlayı Məhəmməd ağa həmin gün bu qanlı cinayəti törədən daşnak dəstəsini təqib edərək onların layiqli cəzasını vermişdi. “Xırtızın” rədifli qoşmasında Aşıq Məhəmmədin təsvir etdiyi qırğın “toplu-tüfəngli kafirlərin” qanlı əməlləri kimi lənətlənir. “Qadını, qocası yanıb kül olan kənddə” qəbir qazan tapılmadığını, insan cəsədlərinin üst-üstə qalandığını deyən aşıq maddi və mənəvi genosidin tükürpədən mənzərəsini təsvir edir:

Mərəyə doldurub müsəlmanları,

Oda qaladılar neçə canları.

Tökdü ermənilər nahaq qanları,

Qan oldu çiçəyi-gülü Xırtızın.

Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra rus-erməni əlbirliyinə, mənəvi repressiyalara, etnik təmizləmə siyasətinə, zorakılığa qarşı özünün üsyankar və açıq etirazını bildirən Aşıq Nəsibin poeziyası bu baxımdan öz kəskinliyi ilə seçilir.

Rus işğalından sonra Gümrü və onun ətraf kəndlərindən – Bayandur, Bacıoğlu, Aralıq, Düzkənd, Qannıca və s. azəri türkləri silah və zor gücünə deportasiya olunmuş, terrora, görünməmiş repressiyalara məruz qalmışdılar. Öz çirkin məqsədlərini daha da genişləndirib həyata keçirmək üçün hiylə və şayiələr yayır, gəlmə erməniləri bu cür yalanlarla aldadaraq yerli əhalinin üstünə saldırırdılar. “Əkinçi” qəzeti 17 mart 1877-ci il tarixli nömrəsində həmin məkrli siyasəti ifşa edərək yazırdı: “Mşak” qəzeti həmişə yazır ki, Osmanlı dövlətinin zülmündən ermənilər qaçıb Rusiya vilayətinə köçür və bir dəfə yazıb ki, filan günü bir böyük dəstə erməni başıaçıq, ayaqyalın Gömrü qalasından gəlib. İndi ermənilərin qeyri qəzetlərinə Gömrü qalasından yazırlar ki, bu xəbərin heç əsli yoxdur və indiyəcən Gömrüyə bircə dənə də erməni gəlməyib”. 

Göründüyü kimi, 1877-ci ilədək Gümrüdə bir nəfər də olsun erməni yaşamayıb. Bu, həm də digər faktlardan aydın görünür ki, Gümrü Oğuz ellərinin qədim yaşayış məskənlərindən biri olmuşdur.

1886-cı ilin məlumatına görə, Gümrüdə 886 nəfər azəri türkü yaşamışdır. Çar Rusiyasının işğalından sonra burada güclü maddi, mənəvi və ideoloji təzyiqlərə məruz qalan aborigen əhali zaman-zaman məhv edilmiş, repressiya və qırğınlara məruz qalaraq deportasiya olunmuşdur.

Qeyd etdiyimiz kimi, azərbaycanlılara qarşı ermənilərin törətdikləri sonuncu deportasiya 1987-1991-ci illərdə baş verdi, beləliklə, ermənilər özlərinin ən çirkin məqsədlərinə – monoetnik erməni dövləti yaratmağa nail oldular.

Azərbaycanlılara və türklərə qarşı ermənilərin və onların havadarlarının törətdikləri qanlı cinayətlər, deportasiya və soyqırımlar, dəhşətli terror əməlləri, etnik təmizləmə siyasəti Azərbaycan aşıq yaradıcılığının müxtəlif mühitlərində bu və ya digər dərəcədə əks olunmuşdur.