IRAVAN

1501-ci ildə bütün Azərbaycan ərazilərini öz hakimiyyəti altında birləşdirən I Şah İsmayıl qüdrətli Səfəvilər dövlətinin əsasını  qoydu. Həmin dövrdə Səfəvi dövləti ilə daim münaqişə vəziyyətində olan Osmanlı imperiyası ilə sərhəddə yerləşən Çuxur-Sədd bəylərbəyliyində hərbi- strateji əhəmiyyətə malik bir qalanın olmasına ehtiyac duyulurdu.

Məşhur Türk səyyahı Övliya Çələbinin yazdığına görə, 1509-cu ildə Şah İsmayıl Səfəvi vəziri Rəvan Qulu xana Zəngi çayının sağ sahilində bir qala tikmək tapşırır. Rəvan Qulu xan 7 ilə qalanı tikdirib, başa çatdırır.

Əlverişli coğrafi mövqedə yerləşməsi sayəsində  17-ci  əsrin sonu 18-ci əsrin əvvəllərində  İrəvan artıq Qafqazın ən böyük şəhərlərindən birinə çevrilmişdi. Həmin dövrlərdə İrəvana səfər etmiş Fransız səyyahları Şardenin və Tavernyenin rəsmlərində, yol qeydlərində şəhər haqqında ətraflı məlumat verilir. Şəhər dörd əsas hissədən ibarət idi: Qala, Təpəbaşı məhəlləsi, Dəmirbulaq məhəlləsi və Şəhərli məhəlləsi. Bu məhəllələri bir birindən bərəkətli meyvə bağları və geniş bazar meydanları ayırırdı. Şəhərdə 12 məscid fəaliyyət göstərirdi. Məscidlərdən 2-si qalada, qalanları isə məhəllələrdə idi.

Zaman-zaman İrəvan şəhəri müxtəlif qanlı müharibələr meydanına çevrilsə də,  onun  əsl faciəsi XIII əsrin sonu, XIX əsrin əvvəllərində başladı.

XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal etməyi qarşısına məqsəd qoymuş Çar Rusiyası Azərbaycan uğrunda müharibələrə başladı. 1801-ci ildən 1827- ci ilə qədər İrəvan və Naxçıvan xanlıqları istisna olunmaqla, Şimali Azərbaycan ərazisində yerləşən bütün xanlıqlar Rusiya imperiyası tərəfindən işğal olundu.

1801-ci ildə general- leytenant Sisyanovun, 1808-ci ildə isə general feldmarşal Qudoviçin İrəvan uğrunda döyüşlərdə biabırçı məğlubiyyətindən sonra, Rus qoşunları bir də 1827-ci ilin yayında Qraf Paskeviçin rəhbərliyi altında Naxçıvan və İrəvan xanlıqları üzərinə yürüşə başladılar. Avqust ayında Naxçıvan qalası təslim oldu. İrəvan qalası mühasirəyə alındı. İrəvan xanı Hüseynqulu xanın və qardaşı Həsən xanın rəhbərliyi altında qala müdafiəçiləri ciddi müqavimət göstərsələr də bu dəfəki döyüşdə qüvvələr qeyri bərabər idi. 1827-ci il oktyabr ayının 1-də Rus qoşunları İrəvan qalasına daxil oldular. Rus Çarı, İrəvanın alınmasına rəhbərlik etmiş Qraf Paskiviçə Erivanski titulu verdi. Qalanın alınmasında iştirak etmiş döyüşçülər isə xüsusi  medallarla təltif edildilər.

1828-ci il fevralın 10-da Çar Rusiyası ilə İran arasında imzalanmış Türkmənçay sülh müqaviləsinə görə Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil oldu.

Çar II Aleksandrın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılmış qondarma “Erməni vilayəti” ləğv edildikdən sonra, 1849-cu  ildə burada İrəvan quberniyası yaradıldı. İrəvan şəhəri quberniyanın inzibati mərkəzinə çevrildi.

İşğalın ilk günlərindən İrəvan şəhərində azərbaycanlılara məxsus mədəniyyət, arxitektura abidələrinin tədricən məhv edilməsinə başlandı. Qalada yerləşən Rəcəb Paşa məscidi Rus Pravoslav kilsəsinə  çevrildi. Qala divarı dağıdıldı, Şərqin nadir mədəniyyət incilərindən sayılan Sərdar sarayından əvvəlcə qərargah, sonra isə kazarma kimi istifadə edildiyindən tədricən dağılmağa başladı. 1850-ci ildə Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvani divarlardakı bəzi rəsmləri bərpa etsə də sonrakı illərdə saray tamamilə dağıdıldı.

1918-ci il may ayının 27-də Zaqafqaziya Seyminin  buraxılması ilə Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdilər.

Müstəqilliyini qorumaq və dünya ölkələri tərəfindən tanınmaq üçün Azərbaycan Milli Şurası İrəvanın paytaxt kimi ermənilərə güzəştə gedilməsini tarixi zərurət və qaçılmaz fəlakət hesab edərək  bu təklifi qəbul etdi. 

Bu, İrəvan və ona yaxın mahallarda yaşayan yüz minlərlə azərbaycanlının faciəsinə səbəb oldu.

1936-cı ildə Zaqafqaziya Federasiyası ləğv olunduqdan sonra,  Ermənistan SSR Ali Sovetinin qərarı ilə Respublika ərazisindəki azərbaycanlı yaşayış məntəqələrinin, coğrafi ərazilərin adlarının kütləvi surətdə erməniləşdirilməsinə başlandı. İrəvan şəhərinin adı da erməni dilinə uyğunlaşdırılaraq Yerevan adlandırıldı.

İkinci dünya müharibəsi başa çatdıqdan sonra 1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ hökuməti xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına kцzьrьlməsi haqqında qərar verdi. 1946-48-ci illərdə dünyanın müxtəlif ölkələrindən 100 min nəfər erməni qəbul edilib Ermənistanda yerləşdirildi. Gəlmələrin böyük bir qismi İrəvan şəhərində məskunlaşdırılırdı.

Xaricdən köçürülən ermənilərin yerləşdirilməsində çətinliklər olduğunu bəhanə edən Ermənistan hökuməti bu respublikada yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-ə köçürülməsi təklifi ilə İ.Stalinə müraciət etdi. SSRİ Nazirlər Sovetinin  1947-ci il dekabrın 27-də qəbul etdiyi  4083 №-li qərarına əsasən, 1948-1953-cü illərdə 144 654 nəfər azərbaycanlı  zorla Ermənistandan köçürüldü.

Həmin dövrdə təkcə İrəvan şəhərinin Spandaryan və Stalin rayonlarından 40 min azərbaycanlı köçürüldü.  Bu rayonlar  əsasən İrəvanın qədim məhəllələri Şəhərli və Dəmirbulaq məhəllələrinin ərazisini əhatə edirdi.

1964-cü ildə Sovet rəhbərliyinin uydurma erməni soyqırımının 50 illiyinin qeyd edilməsinə razılıq verməsi, İrəvanda isə bu qondarma faciənin qurbanlarının xatirəsinə abidə ucaldılması erməni əhalisi arasında millətçi əhval- ruhiyyənin qızışmasına səbəb oldu. Bunun nəticəsi olaraq artıq 70-ci illərin sonu, 80- ci illərin əvvəllərində İrəvan şəhərindəki onsuz da sayca azlıqda qalan azərbaycanlı əhali nəzərə çarpmayacaq həddə  qədər azaldı.  

1988-ci ilin fevral ayından başlayaraq İrəvanda erməni millətçilərinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbiylə keçirdikləri mitinqlərdə azərbaycanlıların Ermənistan ərazisindən qovulması tələbləri səsləndirilməyə başladı. Şəhərdə   yaşayan Azərbaycanlılara qarşı təxribatlar və təzyiqlər başladı. Azərbaycanlı əhali son nəfərinə qədər şəhəri tərk etməyə məcbur oldu.

Həmin günlərdə Dəmirbulaq məhəlləsində fəaliyyət göstərən yeganə məscid- “Günlüklü  məscid” yandırıldı və tamamilə dağıdılaraq yer üzündən silindi. Dəmirbulaq məscidinin ardınca şəhərdəki ən qədim tarixi abidə- 1765-ci ildə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirilən və 1917-ci ildən fəaliyyəti dayandırılaraq İrəvan şəhərinin tarix muzeyinə çevrilmiş “Göy məscid” yandırıldı.

1995-ci ildə Ermənistan hökuməti “Göy məscid”dən öz siyasi məqsədləri üçün istifadə etmək qərarına gəldi. İran hökuməti ilə bağlanmış müqavilə əsasında və İran hökumətinin ayırdığı 1 milyon dollar vəsait hesabına məscidin bərpasına başlandı.  2000-ci ildə başa çatdırılan bərpa işləri zamanı hər iki tərəfin maraqları nəzərə alınmışdı. “Göy məscid”in qübbəsində və müxtəlif yerlərindəki kitabələrin mətni dəyişdirilmiş, bu tarixi abidədən onun əsil sahiblərinin adı silinmişdi. Bu gün İrəvanın mərkəzində- çoxmərtəbəli binalarla əhatə olunaraq gozdən- könüldən iraq bir yerə sıxışdırılmış “Göy məscid”,  bütün dünyaya “Fars məscid”i  adı altında erməni tolerantlığının  rəmzi kimi təqdim olunur.