İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər

Azərbaycanın indiki hüquqi və siyasi sərhədlərindən kənarda qalan Qərbi Azər­baycanda min illər boyu yaşayan ata-babalarımız zəngin maddi və mənəvi mədəniyyət  nümunələri yaradıb, təhsil-tərbiyə ənənələri formalaşdırıblar.  Bu mədəniyyət  ümumən   Azərbaycanın elm, təhsil  və dövlətçilik tarixinin ayrılmaz bir hissədir. Bu tarixin öyrənil­məsi, tədqiq və təbliğ edilməsi   günü-gündən aktuallaşır. Çünki tarix hər bir millətin güzgüsü, onun gələcəyini müəyyənləşdirən mayakıdır. Tarix keçmişlə bu gün, bu günlə sabah arasında mənəvi bir körpüdür. Yalnız mükəmməl tarixi şüura malik olan  millətlər  qüdrətli və güclü dövlətə sahib olurlar. Hər bir millət gələcəyə tarixinin çiynində gedir. Keçmişi yaxşı  öyrənməklə sələflərimizin yaratdıqları möhtəşəm  mənəvi dəyərlərə sahib çıxmalıyıq. Millət yaratdığı şərəfli  tarixi ilə özünü ifadə edir. İndi yadlara, yağılara qalan qədim İrəvan  şəhərində təşəkkül tapan maarifçilik tariximizin, milli mədəniyyət tariximizin və kimliyimizin  parlaq səhifələrindən birini təşkil edir.

Filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın  “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabı bu baxımdan mühüm elmi-nəzəri və praktik əhəmiyyət kəsb edir və siyasi sərhədlərimizdən kənarda qalan Qərbi Azərbaycanda  millətimizin əsrlər boyu yaratdığı maddi-mənəvi dəyərlərin, təhsil-tərbiyə mədəniyyətinin, ədəbi-bədii irsin, döv­lətçilik ənənələrinin öyrənilməsinə dövlət səviyyəsində çağırışın ifadəsi kimi diqqəti cəlb edir.

  Bu  vacib mənbə İrəvanın tarixi, mədəni, demoqrafik və sosial məsələlərinə işıq tutaraq, zaman-zaman İrəvanda baş verən ictimai-siyasi və mədəni hadisələrin xro­no­logi­yasını  və azərbaycanlıların  bu prosesdəki  yerini və rolunu  göstərir. Gər­gin zəhmətin, ciddi elmi axtarışların nəticəsində ərsəyə gələn bu foto-albomun əhəmiyyətini bir neçə aspektdən dəyərləndirmək olar.

Bu kitab hər şeydən əvvəl, tarixi həqiqətlərin bərpasına xidmət edir.  Azərbay­canlıların İrəvanın  qədim sakinləri  olmasını, onu qurub-yaratmasını, əsrlərlə orada yaşa­masını, zəngin maddi-mənəvi sərvətlər, təhsil-tərbiyə ənənələri yaratmasını arxiv  mate­riallarının  və şəkillərin  dili ilə sənədləşdirərək  geniş oxucu kütləsinə çatdırır, zamanla təhrif olunmuş və ya unudulmuş həqiqətlərin yenidən işıqlandırılmasına kömək edir. Bu kitab tarixi fakt və hadisələrin  düzgün şəkildə təqdim edilməsinə, həqiqətin üzə çıxa­rılmasına kömək  etməklə  bir tərəfdən, İrəvanın tarixi və mədəni irsinin doğru bir şəkil­də gələcək nəsillərə çatdırılmasına, digər tərəfdən erməni yalanlarının və saxta­karlıqlarının ifşasına xidmət edir.

İrəvan şəhərində vaxtilə mövcud olan  tarixi abidələr, mədəni irs və memarlıq nümu­nələri xalqımızın tarixi yaddaşıdır. Ermənilər  bu möhtəşəm tarixi  abidələri -məscidləri, sa­ray­ları, məqbərələri, karvansaraları,  hamamları, qalaları  məhv etməklə mədəni irsimizə ağır zərbə vurublar. Kitabda verilən  şəkillər məhv  edilmiş həmin tarixi abi­də­lərin bir vaxt­­lar mövcud olduğunu və hansı məqsədlə erməni vandalizminin  qurba­nına çevrildiyini sü­but edən canlı sənədlərdir. Bu fotoşəkillər yazılı sənədlərdən  fərqli olaraq daha təsirli şəkildə  baş verən dağıntıların real miqyasını insanlara çatdırır. Bu  şəkillərin böyük emosional təsir gücünə malik olmasının  əsas  səbəbi onların dağıdılmış mədəni irsin sü­butu olmasıdır. Bu fotoşəkillər vasitəsilə insanlar təkcə abidələrin yox, həm də bir millətin mədəni-mənəvi sərvətinin məhv edilməsini dərk edirlər. Çünki şəkillərin tari­xə işıq salma və gerçəkliyi göstərmə gücü var, bu da insanları baş verən  hadisələrin miqya­sını dərindən dərk etməyə, hiss etməyə və üzüntülü halda həmin hadisələri xatırla­mağa  imkan verir.

Milli yaddaşın qorunmasına, milli-mənəvi özünüdərk prosesini güclənməsinə, İrəvanın zəngin maddi-mənəvi irsi ilə bağlı həqiqətlərin yenidən bərpasına,  bu qədim şəhərin Azərbaycanın tarixi torpaqları kimi tanıdılmasına xidmət edən xidmət edən “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər”  kitab-albomu  tarixi və mədəni irsimizin qorunmasına dəyərli bir töhfədir. 

Bu kitab həm də İrəvanda yaşayan tarixi şəxsiyyətlərin irsi və kimliyini təsdiq edən mötəbər mənbədir.  Kitabda  İrəvanda yaşayan və milli mühitin formalaş­masın­da böyük xidmətləri  olan tanınmış azərbaycanlı şəxsiyyətlərin kimliyi və irsi sənəd­ləşdirilir, onların ailələrinin cəmiyyətə və milli kimliyə verdiyi töhfələr əyani şəkildə gös­tərilir.  Şəkillər vasitəsilə İrəvanskilər, Əliyevlər, Qədimbəyovlar, Topçubaşov­lar, Makinskilər, Seyidzadələr, Mirbağırovlar, Mirbabayevlər, Məmmədzadələr, Qazıyevlər, Qazızadələr,  Bağır­bəyovlar, Nəcəfovlar və b. nəslinin tanınmış şəxsiy­yət­lərinin həyatına, geniş icti­mai-siyasi və elmi-mədəni  fəaliyyətlərinə nəzər salmaq  mümkün olur. Bu da oxuculara həmin dövrün mədəni və ictimai mənzərəsini daha ya­xından başa düşməyə imkan yaradır.  Bu şəkillər həmin insanları bizə  daha real və yaxın edir, bizimlə həmin şəxslər ara­sın­da  emosional əlaqə yaranır, biz həmin insan­ların sanki varlığını hiss etdirik. Ailə şəcərəsi şəkilləri milli kimliyin qorun­masında və ailə dəyərlərinin saxlanılma­sında mühüm əhəmiyyət daşımaqla həmin şəxsiyyətlərin təkcə ictimai-siyasi fəaliyyətləri ilə deyil, həm də ailə kökləri ilə milli kimliyə bağlı olduğunu sübut edir. İrəvan milli mühi­tinin yetirdiyi azərbaycanlılar təkcə öz dövrünün liderləri, alimləri və mədəniyyət xadim­ləri deyil, həm də bu də­yərləri ailələri vasitəsilə gələcək nəsillərə ötürmüş şəxslərdir.

Zamana  şahidlik edən bu şəkillər həm də dövrün yaşayış tərzini, o vaxtın adət-ənə­nələrini, geyimlərini və həyat tərzini əks etdirir. Şəxsi və ailə şəkillərinə bax­maqla  İrəvan şəhərinin tarixi, mədəniyyəti, təhsil ocaqları (qəza məktəbi, progim­na­ziya, gimnaziya, seminariya, rus-tatar (Azərbaycan) məktəbi) haqqında geniş mə­lu­mat almaq mümkündür. Bu, keçmişlə daha dərindən tanış olmaq və həmin dövrün insanlarının necə yaşadıqlarını daha yaxşı başa düşməyə imkanı yaradır.

Foto-albomda etnik gərginliklər nəticəsində  İrəvandakı azərbaycanlıların necə sı­xış­dırıl­dığı, qanlı münaqişələrin, deportasiyaların, etnik təmizləmələrin   qurbanına çev­ril­­məsinin əyani şəkildə göstərilməsi  müasir dövrdə Cənubi Qafqazda gedən proseslərin daha dərindən başa düşülməsinə kömək edir.

Azərbaycanlıların İrəvandakı tarixi və mədəni irsi tədqiq edilməsi  bu irsin unu­dul­maması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır. Kitab həm də bu irsin dün­ya ictimaiyyətinə çatdırılması, bu sahədə araşdırma aparan tədqiqatçılar və tarix­çilər üçün qiymətli bir mənbədir. Çünki bu şəkillər təkcə mədəni irsin necə dağı­dıl­dığını deyil, həm də tarixçilərə və memarlara orijinal abidələrin görünüşü barədə məlumat, bərpası və öyrənilməsi üçün istiqamət verir.

Filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva  “İrəvan: tarixi həqiqət­lər və şəxsiyyətlər” foto-albomu ilə üstünü toz basmış, çox həqiqətləri  unudulmuş  İrə­van tarixinə bir pəncərə açaraq, bizləri  həmin dövrün tarixi, mədəni-mənəvi irsi, təh­sil ocaqları və şəxsiyyətləri ilə  əyani şəkildə görüşdürür. Bu kitab-albom  İrəvan şəhə­rinin bioqrafiyasının yaradılması sahəsində ilk və mötəbər mənbə kimi dəyər­lidir.

                             

Fərrux Rüstəmov

ADPU-nun kafedra müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü