KARPIBASAR
Seyidli-Axsaxlı, Qırxbulaq, Zəngibasar və Sərdarabad mahalları ilə həmsərhəd olan Kərpibasar mahalı Kərpi çayının orta və Qarasu çayının yuxarı hissələrini əhatə edirdi. Zənginliyi və əhalisinin sıxlığı ilə seçilən mahalın adı tarixi mənbələrdə Elxanilər dövlətinin Çuxursəəd tüməninin Karbi nahiyəsi kimi keçir.
Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, 1431-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəmin 7 kəndi- Üçkilsə, Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğanlı kəndlərini katolikos Qriqor Makuluya 530 min Təbriz dinarına satdıqdan sonra Qərbi Azərbaycan ərazisində ilk erməni yaşayış məskənləri yarandı. 1441-ci ildə Cahanşah Qaraqoyunlunun fərmanı ilə erməni katalikoslarının fəaliyyət mərkəzinin Kilikiyanın Sis şəhərindən Azərbaycana - İrəvan yaxınlığındakı Üçkilsəyə köçürülməsinə icazə verildi və Qədim qıpçaq-xristian məbədi olan Üçkilsə (Eçmiədzin) erməni katalikosluğunun dini mərkəzinə çevrildi.
İrəvan xanlığının mərkəzində yerləşən mahalda 166 kənd olub. Zaman keçdikcə Üçkilsə ətrafındakı torpaqlarını genişləndirən erməni kilsəsi, 1828-ci il Rus işğalından sonra köçürülmələr hesabına bu əraziləri tamamilə erməniləşdirdi.
Mahalın ərazisində 1930-cu il sentyabrın 9-da Əştərək rayonu yadadıldı.
1948-1951-ci illərdə rayonun azərbaycanlılar yaşayan son 6 kəndinin- Talış, Təkiyyə, Uçan, Çadqıran, İnəkli, Tülnəbi kəndlərinin əhalisi zorla Azərbaycana deportasiya olundu.