LORU

Loru mahalı Borçalının dağlıq hissəsini təşkil etdiyindən ona Dağ Borçalısı da deyirlər. Mahal Şimalda Aran Borçalı, Cənub-Qərbdə Pəmbək mahalı, Cənub-Şərqdə isə Şəmşəddil mahalı ilə həmsərhəddir. Tarixi mənbələrdə bu ərazidə bir vaxtlar Loru şəhərinin mövcudluğu və həmin şəhərin 1236-cı ildə monqollar tərəfindən dağıdıldığı, XIV-XV əsrlərdə yenidən bərpa olunduğu, XV-XVIII əsrlərdə Osmanlı və İran hücumlarına məruz qaldığı yazılır.  Borçalı Rusiya tərəfindən işğal edildikdən sonra, 12 sentyabr 1801-ci ildə Gürcüstan quberniyası daxilində Borçalı distansiyası yaradıldı. 1880-ci ildə Tiflis quberniyası daxilində Loru mahalının da daxil olduğu Borçalı qəzası təşkil edildi.

1918-ci ildə erməni daşnak hökumətinin silahlı qüvvələri qəflətən hücum edərək Loru və Pəmbək mahalı ərazilərini işğal etdi. 1919-cu ilin yanvarında Tiflisdə keçirilən Ermənistan-Gürcüstan konfransında Loru nahiyəsi neytral zona elan edildi. 1920-ci ilin sentyabrında türk qoşunlarının Gümrünü tutmasından narahat olan Gürcüstan hökuməti Loru neytral zonasına nəzarəti öz üzərinə götürdü.

1921-ci ildə isə Gürcüstan və Ermənistan bolşevik hökumətləri arasında Lorunun Ermənistana verilməsi haqqında razılıq əldə edildi və 1922-ci il dekabrın 22-də Vorontsovka bölgəsi də Ermənistan SSR-in Loru-Pəmbək qəzasına qatıldı. 1930-cu ildə isə Loru mahalı ərazisində 4 rayon- Barana, Allahverdi, Cəlaloğlu və Vorontsovka (keçmiş adı Uzunlar) rayonları yaradıldı.