PAMBAK
Qazaxdan Böyük Qarakilsəyə, gedən yol, Dilican şəhərindən sonra, ayrılaraq dərə boyu sola burulur. Bu dərə Pəmbək dərəsi adlanır. Gümrü şəhərindən Göyçə gölünün Şimal–Qərb hissəsinə qədər uzanan Pəmbək silsiləsi ilə, Bazum dağ silsilələri arasındakı bu ərazilər Pəmbək mahalı adlanır. Bəzi alimlərin fikrinə görə Pəmbək etnotoponimi Dədə Qorqud boyları ilə səsləşən -"pan bək" - "uca bəylər" anlamına gəlir. Tarixçilərin ehtimalına görə Strabonun Qoqarena, Quqarena adlandırdığı ərazi Loru və Pəmbək mahallarını əhatə edir. Qoqarena-Quqarena etnotoponimi eramızdan əvvəl təxminən 2000-ci ildə, indiki Qərbi Azərbaycan ərazisində məskunlaşmış Gögər-Qoqar-Quqar türk tayfalarının adını daşıyır və bu ərazidəki Quqark yaşayış məntəqəsinin də öz adını buradan götürdüyü ehtimal olunur.
Loru və Pəmbək ərazisi Eramızdan əvvəl VII əsrdə Güney Qafqaza gələn sakların ilkin məskunlaşdığı ərazilərdən hesab edilir. Şimaldan gələn sakların bir hissəsinin indiki Azərbaycan Respublikası ərazisində, başqa bir hissəsinin isə Qərbi Azərbaycan ərazisində-Loru-Pəmbəkdə və Göyçə gölü hövzəsində məskunlaşdığı tarixi mənbələrdə təsdiq olunur. Pəmbək mahalı da Loru mahalı kimi tarixin müəyyən dövrlərində Borçalı sultanlığının ərazisi olub.
Pəmbək mahalı 18-ci əsrin əvvəllərində Gəncə bəylərbəyliyinin tərkibində olub. 1736-cı ildə Gəncə bəylərbəyi Ziyadoğlu Nadirin Muğanda şah elan olunmasının əleyhinə çıxdığı üçün O, şah seçiləndən sonra Borçalı və Qazax mahallarını Gəncə bəylərbəyliyindən alıb, Kartli-Kaxeti çarlığının tabeliyinə verdi. Azərbaycan ərazisində xanlıqlar yaranarkən İrəvan xanlığı bu ərazilərin cənub hissəsini gürcülərdən geri alsa da mahalın ərazisinə tam nəzarət edə bilmirdi.
XIX əsrin əvvəlində Rus işğalından sonra Tiflis quberniyasının ərazisində Loru, Pəmbək və Şörəyel mahallarını birləşdirən Pəmbək-Şörəyel distansiyası yaradıldı. 1930-cu ildə Ermənistan SSR ərazisində rayonlaşdırma aparılarkən Pəmbək mahalının ərazisi Böyük Qarakilsə və Hamamlı rayonlarına bölündü.
Qukark rayonunda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürüldü, onların 21-i qadın 6-sı uşaq idi.