Prof.Fərrux Rüstəmov – 65

Professor Fərrux Rüstəmov: pedaqogikaşünaslıq elmi məktəbinin yaradıcısı

Ömrünün 65  ilini arxada qoyan ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovu çoxminli pedaqoji ictimaiyyətimizə tanıtmağa xüsusi ehtiyac olmasa da, onun qısa bioqrafiyasını — ömrünün yadda qalan anlarını, xüsusən elmi bioqrafiyasını xatırlamaq yaxşı olar.

Göyçənin Cil kəndindən başlayan ömürü yolu

Fərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kəndində anadan olub. 1968-1978-ci illərdə Cil kənd orta məktəbində, 1978-1982-ci illərdə V.İ.Lenin adına ADPİ-nin (indiki ADPU) Pedaqoji fakültəsində təhsil alıb. Orta məktəbi “Tərif-namə”, ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində fakültə Əlaçılar şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olub, “Əla təhsilə görə”, “Əla təhsilə və ictimai işə görə” SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin I-II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri Fərmanları ilə təltif olunub. Təhsil illərində Lenin təqaüdü ilə oxuyub. İnstitutu fərqlənmə diplomu ilə başa vurub.

Müəllim, direktor, aspirant, professor

1982-1985-ci illərdə Quba rayonunun Rəngidar kənd səkkizillik məktəbində müəllim və məktəb direktoru işləyib. 1985-ci ildə V.İ.Lenin adına ADPİ-nin pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə əyani aspiranturasına daxil olub. 1985-1987-ci illərdə Qazaxıstanın Leninski şəhərində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra aspirantura təhsilini davam etdirib. “Azərbaycanda sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər)” mövzusunda namizədlik (1989), “Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)” mövzusunda doktorluq (2003) dissertasiyası müdafiə edib.

1988-ci ildə SSRİ Elmlər Akademiyasının Sovet Sosioqraflar Assosiasiyasının üzvü seçilib. Pedaqoji Universitetin Şagirdlərin peşəyönümü elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi (1990-1991), Ümumi pedaqogika kafedrasında müəllim (1992-1995), dosent (1996-2004), professor (2004-2006) vəzifələrində çalışıb.

Dekan və kafedra müdiri

 Şagirdlərin peşəyönümü elmi-tədqiqat laboratoriyasına (1996-2000) və Dədə Qorqud ETL-nin pedaqogika, psixologiya, fəlsəfə bölməsinə (2000-2004), Bakı Qızlar Seminariyasının (Bakı Qızlar Universitetinin) Pedaqogika kafedrasına (1998-2006), ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasına (2007-2011) və Pedaqoji təhsilin problemləri elmi-tədqiqat laboratoriyasına (2008-2011) rəhbərlik edib. 2006-cı ildən İbtidai təhsilin pedaqogikası kafedrasının professorudur. 2007-2022-ci illərdə ADPU-nun Pedaqoji fakültəsinin (indiki İbtidai təhsil fakültəsinin) dekanı, fakültə Elmi Şurasının sədri, Universitet Elmi Şurasının üzvü olub.

2022-ci ildən ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, Universitet Elmi Şurasının üzvüdür. Təşəbbüsü ilə İbtidai təhsil fakültəsinin bakalavriat səviyyəsində İbtidai sinif müəllimliyi ixtisasının ingilis bölməsi, magistratura səviyyəsində Təhsildə monitorinq və qiymətləndirmə və Sosial pedaqogika ixtisasları yaradılıb, “Təhsilin əsasları” auditoriyası açılıb. Fakültənin ilk dekanı dos.İ.Vəlixanlının, prof.M.Muradxanovun 100 illik yubileyləri və fakültənin  50 illik yubileyi keçirilib.

Elmi yaradıcılığı

50-dən çox monoqrafiya, kitab və kitabçası, 40 tədris proqramı, 200-dən çox elmi məqaləsi, 40 tezisi, 250-dən artıq elmi-pedaqoji və publisistik qəzet yazısı işıq üzü görüb. Kitablarından biri (“Şərqdə təlim-tərbiyə”) Tehranda, biri (“Azərbaycanda təhsilin inkişaf istiqamətləri”) Moskvada nəşr olunub. 20 kitabın tərtibçisi, 100-dən çox kitabın elmi redaktoru və rəyiçi olub. Əsərləri Bakı, Moskva, Səmərqənd, Çeboksarı, Tehran, Təbriz, İstanbul, Astana, Sankt-Peterburq və Tbilisi şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində Azərbaycan, rus, türk, özbək dillərində çap olunub. Yunanıstan, Albaniya, Rusiya, Finlandiya, İsveç, Norveç, Danimarka, Estoniya, İspaniya və Portuqaliyada yaşlıların təhsili ilə bağlı keçirilən beynəlxalq konfranslarda iştirak edib. Son illərdə onun yaradıcılığında yeni bir elmi istiqamət – Qərbi Azərbaycanda təhsil və pedaqoji fikir tarixinin tədqiqi və təbliği -formalaşmışdır. Bununla bağlı “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” (2022), “İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” (2024) monoqrafiyaları və silsilə məqalələri nəşr olunmuşdur.

Elmi kadr hazırlığı

Onun elmi məsləhətçiliyi ilə 4 nəfər pedaqogika üzrə elmlər doktoru, elmi rəhbərliyi ilə 35 nəfər pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 4 nəfərin elmlər doktoru, 36 nəfərin pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin rəsmi opponenti olub.1997-ci ildən 2009-cu ilə kimi Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Təhsil Problemləri İnstitutunda və ADPU-da fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsil tarixi ixtisası üzrə Dissertasiya Şurasının üzvü olub. 2009-2016-cı illərdə ADPU-da fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi üzrə Dissertasiya Şurasının sədr müavini olub. Sədrliyi ilə 22 nəfər elmlər doktoru, 155 nəfər pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. Hazırda ADPU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, Dissertasiya Şurasının nəzdindəki seminarın sədridir. Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyət göstərən Dissertasiya Şurasının nəzdindəki elmi seminarın üzvüdür. 1993-2016-cı illərdə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurasının üzvü olub. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının Pedaqogika, psixologiya və fənlərin tədrisi metodikası bölməsinin üzvüdür.

Elmi jurnalarda təmsilçiliyi

“ADPU-nun Xəbərləri”, “Kurikulum”, “Azərbaycan məktəbi”,  “Məktəbəqədər və ibtidai təhsil”,  “Təhsildə İKT”, “Dədə Qorqud araşdırmaları”, “Media və təhsil innovasiyaları”, “Bakı Qızlar Seminariyasının Elmi Xəbərləri”, “Naxçıvan Universitetinin Elmi xəbərləri”nin  redaksiya heyətinin üzvü, “Pedaqoji tədqiqatlar” elmi məqalələr məcmuəsinin və “İbtidai təhsilin problemləri” elmi toplusunun  baş redaktorudur.

Azərbaycanda müəllim kadrları hazırlığının strategiya və konsepsiyasını hazırlayan işçi qrupunun, Azərbaycan Respublikası Milli Məclisinin “Elm və Təhsil Məsələləri Daimi Komissiyası”nın təhsil haqqında Azərbaycan Respublikasının Qanunu hazırlayan işçi qrupunun, Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, “Həyat bilgisi” fənn kurikulumunu hazırlayan işçi komissiyasının sədri olub.

Elmi uğurları, mükafatları, Prezident təltifləri

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, akademik Mehdi Mehdizadə, “Gənc alimlər”, “Firidun bəy Köçərli” və “Qızıl qələm” mükafatları laureatıdır. “Avropa Nəşr Mətbu evi” komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı (2009), Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” (2010) döş nişanı ilə təltif olunub. “Vektor” Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsr Azərbaycan ziyalıları” ADPU-da “İlin müəllimi” (2007), “İlin alimi” (2011, 2013, 2015) müsabiqələrinin qalibi olub. Təhsil Nazirliyinin, müxtəlif ali təhsil müəssisələrinin, beynəlxalq və respublika səviyyəli təhsil qurumlarının, KİV-in fəxri fərman və diplomları ilə təltif edilib.

1998-ci ildə Moskva şəhərində yerləşən Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, 2010-cu ildə isə Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilib.

Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin sərəncamları ilə “Tərəqqi” medalına (2006) və Əməkdar elm xadimi (2011) fəxri adına və 3-cü dərəcəli “Əmək” ordeninə, respublikanın ən ali medalına – “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına və “Azərbaycan Dövlət Pedaqoji Universiteti-100” yubiley medalına layiq görülüb.

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, Çəmbərək rayon icmasının İdarə heyətinin üzvü, Cil kənd icmasının sədri, Qərbi Azərbaycan İcmasının nəzdindəki Elm komissiyasının üzvüdür.

Anadan olmasının 50 və 60 illiyi ilə əlaqədar olaraq Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Təhsil İnstitutunun, ayrı-ayrı qəzet və jurnalların redaksiya heyətinin Fəxri fərmanları və diplomları ilə təltif olunub. Haqqında “Professor Fərrux Rustəmov-50” (2011), “Fərrux Rüstəmov. Biblioqrafiya” (2016), ”Professor Fərrux Rüstəmov və “Pedaqoji tədqiqatlar” məcmuəsi (2025), “Fərrux Rüstəmov və Azərbaycan pedaqogikaşünaslığı” (2025), “Professor Fərrux Rüstəmov və yetirmələri” (2025) kitablarının nəşri Fərrux Rüstəmova böyük hörmət və etimadın ifadəsidir.

Yaradıcılığına  akademik baxış

 AMEA-nın prezidenti, akademik İ.Həbibbəyli yazırdı ki, professor Fərrux Rüstəmovun pedaqoji yaradıcılığı, elmi məktəbi, təşkilatçılıq fəaliyyəti və milli təhsil quruculuğu və pedaqoji kadr hazırlığındakı xidmətləri onu Azərbaycan pedaqoji elminin qürur duyulan şəxsiyyətlərindən birinə çevirmişdir. Akademik H. Əhmədov öz yetirməsi haqqında yazırdı: ”Fərrux Rüstəmovun əsərləri Azərbaycan pedaqoji elmini zənginləşdirən elmi yaradıcılıq nümunələridir.” Prof.Ə. Ağayevin təbirincə desək, Fərrux Rüstəmovun ”Azərbaycan pedaqogikaşünaslığı” pedaqoji elmimizin bir əsrlik salnaməsidir, Azərbaycan pedaqoji elmində hadisəyə çevrilmiş bir əsərdir. Pedaqogikaşünaslığın meydana gətirilməsi məhz Fərrux Rüstəmova məxsus elmi fədakarlıq, yaradıcı xidmətdir. Fərrux Rüstəmov elmşünaslığın tərkib hissəsi kimi pedaqogikaşünaslığı yaratmış və formalaşdırmışdır. O, Azərbaycan pedaqikaşünaslığının pioneri olaraq öndədir. Fərrux Rüstəmov mükəmməl pedaqogika tarixçisidir. O, Əhməd Seyidov, Mehdi Mehdizadə, Mərdan Muradxanov, Hüseyn Əhmədov məktəbinin ənənələrini yaşadaraq və müasirlik düşüncəsi ilə onları inkişaf etdirərək, məzmununu, elmi əhatə dairəsini genişləndirərək sanballı bir elmi mövqeyə malik olmuşdur.

Azərbaycanda elmi-pedaqoji fikrin inkişafında və bir elm sahəsi kimi pedaqogikaşünaslığın formalaşdırılmasında professor Fərrux Rüstəmovun müstəsna xidmətləri vardır. Fərrux Rüstəmovun özünəməxsus yaradıcılıq üslubu və fərqli düşüncə tərzi vardır. Bu onun demək olar ki, bütün əsərlərində özünü göstərir. Üzərində adı olmasa belə, hər hansı bir kitabın, məqalənin, tədqiqat əsərinin Fərrux müəllimin qələmindən çıxdığını duymaq mümkündür. Lakonik düşüncə tərzi, faktlara obyektiv münasibət, analitik təhlil, fakt və hadisələrə həmin dövrün sosial-siyasi və tarixilik müstəvisində yanaşmaq, müqayisə, ümumiləşdirmə və nəticənin əsaslandırılması kimi tədqiqatçılıq bacarığı onun yaradıcılığına xas olan keyfiyyətlərdir.

Prof.Y.Babayev haqlı olaraq qeyd edir ki, XX əsrin əvvəllərində F.Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi ücün təkbaşına gördüyü işi Fərrux müəllim pedaqogika tarixi üçün XXI yüzilliyin əvvəllərində eyni həvəs və əzabkeşliklə yerinə yetirmişdir.

Professor F. Rüstəmov məhsuldar pedaqoqdur. Bu barədə həmkarım professor Akif Abbasov yazır: “Məndən soruşsaydılar ki, müasir günümüzdə pedaqoqlar arasında ən məhsuldar olanı kimdir? Mən tərəddüd etmədən deyərdim – Fərrux Rüstəmov.” Bu, mübaliğə deyil, həqiqətdir. Bu fikir yalnız bir alim həmkarımın təəssüratı deyil, Azərbaycan elmi-pedaqoji ictimaiyyətinin ümumi rəyidir.

Professor Fərrux Rüstəmovun pedaqogika elmi sahəsində xidmətləri çoxdur. Onun yazdığı bir çox dərslik və dərs vəsaitləri müəllim və tələbələrin ən çox müraciət etdikləri mənbələr sırasında mühüm yer tutur.

Bir faktı xüsusi qeyd etmək lazımdır. 2021-ci ildə müəllim hazırlığının flaqmanı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 yaşı tamam olurdu. Hazırlıq ərəfəsində heç bir mübaliğə olmadan deyirəm ki, gecəli-gündüzlü işləyənlərdən, arxivlərdə çalışan, ötən yüz ili “canlandıranlardan” məhz Fərrux müəllim oldu. İkicildlik “Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi”, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları”, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabları həqiqətən də nadir və çox böyük əziyyət, zəhmət tələb edən əsl tarixi tədqiqatlar oldu.

Professor F. Rüstəmovun şəxsiyyəti təkcə bunlarla məhdudlaşmır. Əsl pedaqoqlara məxsus humanistlik, ehtiyacı olsun-olmasın hamıya, xüsusən gənc tədqiqatçılara kömək etmək, elmi rəhbərimiz olan mərhum akademik Hüseyn Əhmədov kimi onların əlindən tutub irəliləmələrinə yardımçı və dəstək olmaq Fərrux müəllimin ən gözəl keyfiyyətlərindən biri kimi tanıtdırır və sevdirir. Dostcanlı, həmkarlarına qarşı səmimi, tələbə və yetirmələrinə mehriban münasibət, hamıya kömək etməyi özünə borc hesab edən Fərrux müəllim tələbələri tərəfindən də çox sevilən müəllimlərdəndir. Onun istər yüksək elmi məclislərdə, istərsə də tələbə auditoriyalarında mühazirələri və çıxışları həmişə maraqla qarşılanır və dinlənilir. Çünki burada həmişə yeni söz, yeni fikir və yeni faktlar olur ki, bunlar da dinləyicini istər-istəməz özünə cəlb edir.

Azərbaycan pedaqoji mühitində özünə möhkəm mövqe qazanan, fikirləri ilə hesablaşılan alimlərdən biri olan Fərrux Rustəmov pedaqoji sahədə yeni bir ənənənin əsasını qoyub. Elmi re-daktorluğu ilə doktorantlarının əsərlərinin monoqrafiya şəklindəmnəşrinə nail olub. Həmin əsərlərə geniş “Ön söz” yazaraq tədqiqatcıların ilk qələm təcrübələrinə yüksək qiymət verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə hazırlanan “Azərbaycan Milli Ensiklopediyası”nın “Azərbaycan cildi”ndə pedaqogika elmi haqqında xüsusi oçerkin yazılması, prof. Misir Mərdanovun Azərbaycan təhsilinin salnaməsi hesab olunan, fundamental “Azərbaycan təhsil tarixi” çoxcildliyinin elmi redaktorluğunun ona həvalə olunması Fərrux Rustəmovun elmi-pedaqoji ictimaiyyət arasında yüksək nüfuzuna, intellectual səviyyəsinə və kreativ düşüncə sahibi olmasına dəlalət edir.

Uğurun açarı ailədir

Fərrux müəllim gözəl ailə başçısıdır. Həyat yoldaşı Şəlalə xanım Memarlıq və İnşaat Mühəndisləri Universitetində mühasib işləyir. Qızı Sevinc Qlazko Uni­ver­site­ti­ndə (Şotlandiya) təhsil üzrə doktorantura təhsili alır. Oğlu Orxan  Böyük Britaniyada ali təhsil alıb.  

Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov ömrünün ən məhsuldar dövrünü yaşayır. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin yubeliyi” (yubileydən-yubileyə), “Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Ümumittifaq Türkoloji Qurultay” kitabları üzərində işləyir. Ona bu yubiley ilində uzun ömür, möhkəm can sağlığı, işlərində uğurlar və daha böyük yaradıcılıq  uğurları  arzu edirik.

 

Müseyib İlyasov

ADPU-nun Təhsil menecmenti kafedrasının pro­fes­soru, pedaqogika elmləri doktoru, Əməkdar müəllim