SHARUR
İrəvan xanlığının 15 mahalından biri olan Şərur mahalı Azərbaycanın ən qədim insan məskənlərindən olan ərazisidir. Arxeoloji qazıntılar zamanı Qazma mağarasından mustye dövrünə aid daş və obsidian əmək alətlərinin, Şahtaxtı yaşayış məskənində zövqlə işlənmiş bəzəkli saxsı qab nümunələrinin aşkar edilməsi, eləcə də Arbatan, Verməziyar, Qarahəsənli, Babəki, Kosacan kəndləri yaxınlığında, Köhnəkənd, Kültəpə ərazisində aparılmış arxeoloji qazıntılar burada qədim yaşayış məskənlərinin olmasını sübut edir.
Şərur mahalı İrəvan хanlığının cənub-şərq hissəsində yеrləşən ərazini tuturdu. Bu mahal şimaldan Vеdibasar mahalı, cənubdan Araz çayına doğru sеyrələn daşlıq qayalardan onu ayıran Naхçıvan хanlığının Хok mahalı, qərbdən Araz çayı, şərqdən isə Naхçıvan хanlığı arasında yеrləşirdi. Onun cənub tərəfdə Araz çayına doğru еninə görünüşü yarımdairə, Qaratəpə və Qaraqum dağları arasında amfitеatr formasında idi. Şərqi Arpaçay çayı mahalı iki hissəyə bölürdü. 1826-28-ci illərdə Çar Rusiyasının İrəvan üzərinə yürüşləri zamanı Şərur mahalının 61 kəndindən 11-i tamamilə dağıdılmışdı.
İrəvan xanlığının işğalından sonra mahal Dərələyəz mahalı ilə birləşdirilərək burada Şərur-Dərələyəz uyezdi yaradıldı. Cənubi Qafqazın bolşevik Rusiyası tərəfindən işğalından sonra Şərur mahalının şimal ərazisinin bir hissəsi Ermənistan SSR-ə verildi. Şərur mahalının Azərbaycan SSR-də qalan hissəsində isə 1930-cu il avqustun 8-də Naxçıvan MSSR tərkibində olmaqla Noraşen rayonu təşkil edildi. 1964-cü ildə rayon İliç rayonu, 1991-ci ildən sonra isə Şərur rayonu adlandırıldı.