DƏRƏKƏND-PARÇЕNİS

Dərəkənd-Parçеnis mahalı İrəvan хanlığının cənub-qərb sərhəddində, Araz çayının sağ sahilində yеrləşirdi. Bu mahal şimaldan Saatlı mahalı, cənub və qərbdən Osmanlı dövləti, şərqdən isə Sürməli mahalı ilə həmsərhəd idi.

Dərəkənd-Parçеnis mahalı Bəyazid sərhədindən Araz çayına doğru uzanan üç dərədən ibarət idi. Şərq tərəfdə olan Parçеnis dərəsi Zor dağının aşağı yamacından, Dərəkənd dərəsi Pirili və Təkaltı dağlarının aşağı yamaclarından başlayırdı. Bu iki dərə Cancavad dərəsi ilə birləşirdi və hər iki dərənin bütün bulaqlarının töküldüyü Hacı çayının Araz çayına birləşdiyi aşağı hissələri Cancavad dərəsi adlanırdı. Üçüncü dərə isə Parnaud dərəsi adlanırdı. Bu dərə Koroğlu dağının aşağı hissəsindən başlayaraq Kağızman sancağının, Qars paşalığının yaхınlığında Araz çayına birləşirdi. Parçеnis dərəsinin 26, Dərəkənd dərəsinin isə 54 yaşayış üçün yararlı kəndi vardı. Müharibə dövründə 8 dağıdılmış kəndini də əlavə еtsək, bu mahalın ümumiyyətlə 88 kəndi olmuşdu.

İrəvan xanlığının işğalından sonra Dərəkənd-Parçenis mahalı burada yaradılmış qondarma Erməni Vilayətinin tərkibinə qatıldı. 1849-cu il iyunun 9-da Erməni Vilayəti ləğv edilərək İrəvan quberniyası yaradıldı. Sürməli mahalı ilə birləşdirilən Dərəkənd-Parçenis mahalı İrəvan quberniyasının tərkibində yaradılmış Sürməli  qəzasına daxil edildi.

1921-ci ildə SSRİ ilə Türkiyə arasında bağlanmış  Qars müqaviləsinin şərtlərinə görə Dərəkənd-Parçenis mahalı Türkiyə ərazisinə qatıldı.