Qərbi Azərbaycanda məhv edilmiş və mənimsənilmiş tarix

Göyçə sahillərindən Alagözə, Bozabdal dağlarından Zəngəzura qədər uzanan bu yerlərin yaddaşımıza hopmuş obrazını təbiət özü yaradıb. Bu torpaq öz sinəsində zəngin tariximizin, mili-mənəvi varlığımızın daşıyıcısı olan  neçə-neçə nağıllarımızın, əfsanələrimizin, nəğmələrimizin izlərini  qoruyub saxlayır. 

Bu yerlərin ilk insan məskənlərindən olduğunu sübut edən Dəvəboynu və Alagöllər petroqlifləri, islamaqədərki mədəniyyətin nümunələri olan Alban- xristian məbədləri, İslam dövrünün tarix- mədəniyyət abidələri, min illər ərzində burada yaradılmış və dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs bu ərazinin Azərbaycan tarixinin və mədəniyyətinin  ayrılmaz hissəsi olduğunu göstərir.

Zəngəzurun qədim tarixinin pasportlarından sayılan abidələrindən biri də eramızdan öncə 4-cü, 2-ci minilliyə aid olan Qoşundaş abidələridir. Meqalit tikili olan bu abidə Şəki kəndi ilə Qızılcıq kəndinin arasındakı yastı təpəlikdə yerləşir. Tikili hündürlüyü təxminən 1,5-2,8 m, eni 60-80 sm olan 223 nəhəng məngirdən və dolmendən ibarətdir. Bəzilərinin ağırlığı hətta 8 tondan artıq olan bu nəhəng daşlar sanki hansısa fövqəladə bir gücün hesabına dairəvi formada yerə sancılıb. Daşlardan 76-da açılan dairəvi deşiklərdən keçən hava axını mistik səslər yaradır.

 Ancaq “Qoşundaş” kurqanı Qərbi Azərbaycan ərazisində yeganə bu tipli abidə deyil. XIX əsrin sonlarında Rus arxeoloqu və antropoloqu Aleksey İvanovski  Göyçə gölünün qərb sahillərində- Kəvər və Adıyaman kəndləri arasında, xüsusən də “Quru xaraba” deyilən ərazidə 8 belə kurqanın olduğunu vurğulayır və onların Minusinsk diyarında, Altayda Gök-su çayının vadisində, Orxon çöllərində, Tarbaqatay yüksəkliklərindəki kurqanlarla heyrətamiz oxşarlıqlarını qeyd edir. Onun Göyçə gölü hövzəsindəki kurqanlarda  apardığı qazıntılar zamanı daş-sənduqələrdə aşkar edilmiş kəllə  sümüklərinin, müxtəlif məişət və döyüş ləvazimatlarının Altay kurqanlarında və Xocalı-Gədəbəy kurqanlarındakı tapılanlarla eyniyyət təşkil eləməsi, bu ərazinin qədim Türklərin ilkin yaşayış məskənlərindən olduğunu sübut eləyir.

 XX əsrin 50-ci illərində Göyçə gölündə suyun səviyyəsinin düşməsindən sonra erməni arxeoloqlarının nəzərləri yenidən gölün qərb sahillərindəki kurqanlara yönəldi. Məqsəd isə aydın idi… Qazıntıların nəticəsindən asılı olmayaraq buradan aşkar edilmiş bütün maddi  mədəniyyət nümunələri bu ərazilərin qədim erməni torpaqları olmasına xidmət etməliydi.

1957-ci ildə Göyçə gölünün Şimal-Qərb sahilindəki Ördəkli kəndi ərazisində, 1959-cu ildə isə Göyçə gölünün Cənub-Qərb sahilindəki Kolanıqırılan kəndinin ərazisində   aparılan qazıntılar zamanı qədim türk kultuna aid xeyli maral, quş və başqa heyvanların bürünc və qızıl füqurları tapıldı. Ən dərin qazıntı layından tapılan və еramızdan əvvəl VIII əsrə aid olan Urartu yazılı daşda Ördəkli adının Urtex kimi qeyd olunması xüsusi diqqət çəkirdi.

Aşkar olunmuş bütün digər nümunələr Naxçıvandakı Kültəpə və Mingəçevirdəki arxeoloji qazıntı sahələrindən tapılmış nümunələrlə eyniyyət təşkil etməsinə, küp qəbirlərdən tapılan kəllə sümüklərinin isə erməni antropologiyasi ilə heç bir bağlılığının olmamasına baxmayaraq bu nümunələr bütün dünyaya qədim erməni sivilizasisının izləri kimi təqdim edilməyə başladı.

Bütün Turan coğrafiyasında olduğu kimi Qərbi Azərbaycan ərazisindəki qədim məbədlər- islamaqədərki inanc yerlərimiz də qıpçaq-xristian mədəniyyətinin- islamaqədərki türk mədəniyyətinin  izlərini qoruyub saxlayır. Bu abidələr tariximizin Qafqaz Albaniyası dövrüylə bağlı nə qədər uydurma ehtimalların qarşısında səddə çevrilib.  Onların daş yaddaşı, tarixin sınaqlarından çıxaraq bizə gəlib- çatmış daş kitabələr həqiqətin gizlədilməsinə imkan verməyib. 

Qafqazda xristianlığın təşəkkül tapdığı ilk məkanlardan sayılan Zəngəzur ərazisinə səpələnmiş Alban xristian məbədləri bu yerlərin əzəli sakinlərinin islamaqədərki inanclarından yadigarıdır.

Loru mahalının Uzunlar kəndində VI yüzilin sonu, VII yüzilin əvvəllərinə aid olan qədim türk abidəsi Uzunlar məbədi də belə abidələrdəndir. Məbəd, kəndin adına uyğun olaraq Uzunlar adlansa da ermənilər onun əsl mənşəyini gizlətmək məqsədi ilə məbədin adını dəyişdirərək Odzun deyə göstərirlər.

Şörəyel mahalında Ərtik rayonu ərazisində Şirvancıq  kəndindəki Şirvancıq məbədi, Düzkənd rayonunun Yuxarı Qanlıca kəndi yaxınlığındakı Qanlıca məbədləri belə abidələrdəndir.

Buradakı türk-xristian  məbədlərindən ən qədimi Ərtik rayonu ərazisində  Qıpçaq kəndinin yaxınlığında yerləşən Qıpçaq məbədidir. 1946-cı ilə qədər Qıpçakavəng adlandırılan məbədin VII əsrdə tikildiyi təxmin edilir. 

Ağbaba- Şörəyel ərazisi Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra Bütün Qafqazdakı Alban məbədləri kimi Qıpçaq kisəsi də Eçmiadzin katolikosluğunun tabeçiliyinə verildi və 1850-ci ildən bu məbəd Erməni katolikosunun yay iqamətgahı kimi fəaliyyət göstərir. Məbədin əsl sahiblərinin kimliyini gizlətmək məqsədi ilə 1946-cı ildə tarixən türklərin yaşadığı kəndin, qalanın və məbədin adındakı Qıpçaq sözü Ariç sözü ilə əvəzləndi.

İslam dininin Qafqazda yayılmasından sonra bəzi bölgələrdə yerli əhali öz əvvəlki dini ocaqlarını tərk etmədilər və köhnə alban- qıpçaq xristian məbədlərindən islam dini ayinlərini icra etmək üçün istifadə etdilər.  

Tarixi Karvansara, indiki İcevan rayonu ilə Qazax rayonunun  sərhəddində yerləşən Şıxmurad məbədi ilkin dövrlərdə xristian monastrı kimi fəaliyyət göstərsə də, məbəd sonrakı dövrdə də- yerli əhali islam dinini qəbul etdikdən sonra da ziyarətgah kimi öz funksiyasını davam etdirirdi.

Dərələyəz mahalının Ərgəz kəndindəki Ərgəz piri, Qızılgül kəndindəki Aysəsi monastrı, Yastıbulaqdakı Güneyvəng, Əmağu kəndindəki eyniadlı monastr kompleksi, Ələyəz kəndi ərazisindəki Ələyəz zaviyyəsi və ya Əxi Təvəkkül zaviyəsi də belə abidələrdəndir.  

Ermənilər təkcə bu abidələrin adını dəyişməklə kifayətlənmir, həm də  onların əsl sahibinin kim olduğunu sübut edən kitabələri çıxararaq yerinə uydurma kitabələr yerləşdirirdilər. Bu saxtakarlıqlar bəzən absurd dərəcəsinə çatırdı. Qərbi Azərbaycan ərazisində Barana rayonunun Qurumsu kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasındakı bu qədim kümbəzin yuxarı hissəsindəki daş kəmərin üzərində qədim türklərin totemi sayılan qurd və qoç təsvirlərinin sıralanmasına baxmayaraq üzdəniraq erməni ustalar kümbəzin dairəvi divarının bir hissəsini sökərək orada xaçşəkilli  pəncərə açıblar.

Öz həcminə və iriliyinə, plan və konstruktiv quruluşuna görə orta əsr karvansara komplekslərindən fərqlənən bu möhtəşəm tikili isə Göyçə mahalı ilə Dərələyəz mahalını birləşdirən Səlim aşırımındadır. Cilalanmış bazalt daşdan inşa olunmuş bu abidə buranın yerli sakinləri arasında “Səlim karvansarası”  adı ilə tanınır.  Karvansaranın giriş qapısı üzərində onun  əsl sahiblərinin adı yazılmış  sənduqə 80-ci illərdə tamamilə silinib. Ancaq karvansaranın 70-ci illərdə çəkilmiş fotosunda əsl sənduqənin üzərində ərəb əlifbası ilə nə yazıldığını ayırd etmək olur.

Sənduqədə yazılıb:

“Əbu Səid xan Bahadur

Dünyanın sultanı, insanların hökmdarı, Ərəb və Əcəmin padşahı, kütlələrin başının  sahibi Allah onun hökmranlığını əbədiləşdirsin və hökmranlığını daimi etsin…

Tikilmə tarixi 726-cı il  hicri, yəni 1325-26-cı il.”

Tarixin tarix üzərində qərar tutduğu bu vətən torpağındakı- Qərbi Azərbaycandakı  əksər abidələrdə əcdadlarımızın yaratdığı bir neçə sivilizasiyanın izlərinə rast gəlinir. Dağlara, düzlərə səpələnmiş qalalar  və qalaçalar dövlətçilik  tariximizin müxtəlif dövrlərinin şahididir. Onların hər daşında, hər kərpicində əsrlərin dərinliklərindən qopub  gələn, yarı əfsanəyə, yarı nağıla çevrilmiş  igidlərin izi -sorağı yaşayır.

Zəngəzur və Dərələyəz ərazisi 9-cu əsrdə ərəb işğalına qarşı xalq üsyanlarının əsas mərkəzlərindən birinə çevrildiyindən buradakı dağ qalalarının əksəriyyəti bu üsyanlara başçılıq etmiş sərkərdə Babəkin adı ilə bağlıdır.  Bu qalalar, Araz sahilindən başlayaraq Zəngəzur dağ silsiləsi boyu uzanan vahid bir istehkam-müdafiə sistemini təşkil edirlər.

Bu sistemə daxil olan 1-ci qala-Mığrı qalasıdır. Bu qala haqqında ilk dəfə 1083-cü ildə məlumat verilsə də onun Zəngəzur ərazisindəki Babək qalalarından biri olduğu güman edilir. Qalanın dörd  dairəvi və  iki  düz bucaqlı bürcü Meğri şəhərinin Böyük məhlə deyilən hissəsinin şimalında, təpələr  üzərində nal formasında düzülərək, qəsəbəni dövrələyir.

Oxçu qalası Oxçu və Kığı çaylarının qovuşan yerində Novruzyurd adlı hündür bir təpəliyin üstündədir. Bu qala ilə üzbəüz Oxçu çayının digər sahilində Qafan qalasının qalıqları qalır.

Dərələyəz ərazisində Babəkin adı ilə bağlı qalalardan biri Qalasər kəndi yaxınlığında yerləşən Qalasər qalasıdır.  İkinci qala isə Ələyəz kəndinin ərazisində, Qabaqtəpə dağının zirvəsində sıldırım qayalar üzərində tikilmiş Sal-Sal qalasıdır. Qala səddinin uzunluğu təxminən 5 km-ə qədər uzanır. Qalanın Ələyəz və Erdapin kəndləri istiqamətinə açılan iki darvazası və Həsənkənd istiqamətində divarın özülündə gizli bir çıxışı var.

19-cu əsrin sonundan başlayaraq ermənilərin Qafqaza köçürülməsindən sonra Qıpçaq-xristian məbədləri ilə bərabər, qalaların da mənimsənilərək erməniləşdirilməsi aparılırdı. Bu proses 20-ci əsrin 40-cı illərində daha geniş miqyas aldı. 1946-cı ildə Ağrı vadisində orta əsrlər qala şəhəri Dəbilin yerləşdiyi təpəlikdə arxeoloji qazıntı işləri aparan arxeoloqların da vəzifəsi əvvəlcədən müəyyən edilmişdi: Bu qala şəhərin uydurma “Böyük Ermənistan”ın paytaxtlarından biri olduğunu dırnaqarası “sübut” etmək.

Ancaq, bütün cəhdlərə baxmayaraq erməni tarixçiləri Şörəyel mahalının cənubunda yerləşən  Talın mahalındakı bu möhtəşəm qalanı hələ ki, saxtalaşdıra bilməyiblər. Narınqala hissəsində  qalanın konstruktiv quruluşuna qətiyyən uyğun gəlməyən kiçik bir kilsə tiksələr də erməni usta bu saxtakarlığın tarixini də qeyd etməyi unutmayıb. Talın qalasının narınqalasındakı girişin üzərində quraşdırılan bu daş kitabədə isə bu möhtəşəm tikilinin  əsl sahiblərinin adı qeyd olunub. Bir hissəsi salamat qalmış kitabədə qalanın 1174-cü ildə Sultan Mahmud tərəfindən tikildiyi qeyd olunur.  Ermənilərin ciddi cəhdlə kənar gözlərdən gizlətməyə çalışdığı bu qalanın qüllələri arasında bütöv qayadan yonulmuş su çəni, müxtəlif istiqamətlərə aparan yeraltı yolları var.

19-cu əsrin əvvəlində Rusiya İmperiyasının İrəvan xanlığı üzərinə yürüşləri başlayan dövrdə İrəvan xanı Hüseynqulu xanın qardaşı Həsən xan  qalanın bayır divarlarını yenidən bərpa edərək möhkəmləndirib. Bayır divarın giriş qapılarından birinin üzərində  qoyulan və İrəvan xanlığının əsas simvolu olan şir təsvirləri də elə həmin dövrdən qalır.

Hər bir tarixi abidənin adı onun əsl sahiblərinin  kimlər oluğunu göstərdiyindən, bütün Qərbi Azərbaycan ərazisindəki yer-yurd adları kimi, salamat qalmış bütün qalaların da adları ermənilər tərəfindən dəyişdirilir. Bu gün onlar Dərəçiçək mahalında qıpçaq türklərinin yadigarı olan Beçeneq qalasını dünyaya Bjniberd, Göyçə gölünün Qərb sahilində dəniz səviyyəsindən 1930 metr yüksəklikdə yerləşən Ağqalanı isə Berdkunk adı ilə təqdim edirlər. Şörəyel mahalında Ələyəz dağının ən uca zirvələrindən birində ucalan və möhtəşəmliyini bu gün də qoruyub saxlayan Qız qalası da həmin taleyi yaşayır.

Rusiya İmperiyası tərəfindən İrəvan və Naxçıvan xanlıqları ərazisində qondarma “Erməni vilayəti” yaradıldıqdan sonra erməniləşdirilməsi mümkün olmayan abidələrin, Türk-İslam mədəniyyəti nümunələrinin  taleyi daha acınacaqlı oldu. Elə ilk günlərdən bu yerlərin köklü sakinləri olan azərbaycanlılara məxsus maddi-mədəniyyət və arxitektura abidələrinin mərhələlərlə, planlı şəkildə məhv edilməsinə başlandı. Bu ərazilərdə yaşayan azərbaycanlıların baş şəhəri olan İrəvan bütün bu proseslərin əsas mərkəzinə çevrilmişdi.

İrəvan şəhərinin 19-cu əsrin ortalarında tərtib olunmuş planında şəhərdə ümumilikdə 8 məscidin olduğu göstərilir. Bu məscidlərdən 2-si qalada, qalanları isə məhəllələrdədir.

İmperiya qoşunlarının qərargahı və başqa inzibati binalar İrəvan qalası  ərazisində yerləşdiyindən ilk hədəf buradakı məscidlər oldu.  Qalada yerləşən Rəcəb Paşa məscidinin görkəmi dəyişdirilərək  Rus Pravoslav kilsəsinə çevrildi.

Sərdar məscidinin də taleyi acınacaqlı oldu. 20-ci illərə aid bu kadrlarda vaxtilə İrəvanın ən yaraşıqlı memarlıq abidələrindən olan Sərdar məscidinin son anları təsvir olunub. 20-ci illərdən başlayaraq Türkiyədən buraya köçürülən ermənilər məscidin bəzi hücrələrindən  yaşayış yeri kimi istifadə edirdilər. 70-ci illərə aid fotolarda isə  dağıdılmış Sərdar məscidinin salamat qalmış divarlarının bəzi fraqmentlərini görmək mümkündür. 

Son dövrlərdə bu ərazidəki evlər söküldükdən sonra məscidin salamat qalmış bir divarı üzə çıxdı. Ancaq tezliklə  o da dağıdıldı.

Bütün bu baş verənlər Şərqin  nadir memarlıq və mədəniyyət incilərindən sayılan Sərdar sarayının faciəli sonunu yaxınlaşdırdı. İşğaldan sonra Sərdar sarayından əvvəlcə qərargah, sonra isə kazarma kimi istifadə edildiyindən, bu möhtəşəm sənət əsəri öz əvvəlki gözəlliyini itirmişdi. 1850-ci ildə Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvani divarlardakı bəzi rəsmləri bərpa etsə də sonrakı illərdə baxımsızlıq ucbatından saray  getdikcə dağılmağa başladı.

XX əsrin əvvəlində- Sərdar sarayının tamamilə dağıdılması ərəfəsində  çəkilmiş ağ-qara fotolardan belə onun gözəlliyini, zərifliyini aydın hiss etmək olur.  Onun pəncərələrini zərif işləməli şəbəkələr, divarlarını isə  nəbati naxışlar, mifik və real qəhrəmanların yağlı boya ilə işlənmiş rəsmləri bəzəyirdi.

1920-ci ildə Ermənistanda Sovet hakimiyyətinin qurulmasından sonra da azərbaycanlılara məxsus mədəniyyət abidələrinin məhv edilməsi prosesi davam edirdi.

Sovet hakimiyyətinin ilk illərində İrəvan  şəhərinin yeni baş planınında da şəhərin ruhunun, milli simasının dəyişdirilməsi  əsas məqsəd kimi qarşıya qoyulmuşdu. 1926-cı ildən başlayaraq azərbaycanlılara məxsus olan-qalan memarlıq abidələrinin yeni şəhər salınması adı altında yer üzündən silinməsinə başlandı. 

Ancaq erməni millətçilərinin fəaliyyəti yalnız tarixi abidələri məhv etməklə məhdudlaşmırdı. Onlar həm də şəhər ərazisindəki məhəllələrin, bağların, umumiyyətlə onun keçmişini ifadə edən ərazilərin adlarını belə dəyişdirirdilər. 1936-cı ildə Ermənistan SSR Ali Sovetinin qərarı ilə İrəvan şəhərinin adı da erməni dilinə uyğunlaşdırılaraq Yerevan adlandırıldı. Artıq 40-cı illərdə İrəvanın Yerevana çevrilməsi nəticəsində öz tarixi köklərindən qoparılmış yeni şəhərin ilk cizgiləri meydana gəlirdi.

Ermənilərin adını dəyişdirərək Kond adlandırdıqları Təpəbaşı məhəlləsi Qədim İrəvanın son yadigarı kimi hələ də qalır. Təpəbaşı məhəlləsində elə bir küçə, dalan yoxdur ki, qədim tariximizin izlərini qoruyub saxlayan evlərə, tarixi abidələrə, məscidlərə rast gəlməyəsən. Bu tarixi abidələrdən uzun illərdir ki,  yaşayış  yeri kimi istifadə edən ermənilər  özləri də onun təyinatını çox gözəl bilirlər. Və bu tarixi abidələr onlara yaşadıqları şəhərin əsl sahiblərinin kim olduğunu unutmağa imkan vermir.

90-cı illərin əvvəlində erməni millətçiləri tərəfindən şəhərdə fəaliyyət göstərən yeganə məscid- Dəmirbulaq məhəlləsindəki “Günlüklü  məscid” yandırıldı və tamamilə dağıdılaraq yer üzündən silindi.  Dəmirbulaq məscidinin ardınca isə şəhərdəki ən qədim tarixi abidə- 1765-ci ildə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirilmiş və 1917-ci ildən fəaliyyəti dayandırılaraq İrəvan şəhərinin tarix muzeyinə çevrilmiş “Göy məscid” yandırıldı.

1995-ci ildə Ermənistan hökuməti ilə İran hökuməti arasında bağlanmış müqaviləyə əsasən “Göy məscid”in bərpasına qərar verildi. 2000-ci ildə başa çatdırılan bərpa işləri zamanı hər iki tərəfin maraqları nəzərə alınmışdı. “Göy məscid”in qübbəsində və müxtəlif yerlərindəki kitabələrin mətni dəyişdirilmiş, bu tarixi abidədən onun əsil sahiblərinin adı silinmişdi. Bu gün bütün dünyaya “Fars məscidi”  adı altında təqdim edilən və əsasən İranlı turistlərin əsas ziyarət məkanına çevrilən “Göy məscid” erməni tolerantlığının  rəmzi kimi təbliğ olunur. 

Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında- Cəfərabad kəndində yerləşən bu  türbə də “Göy məscid”lə oxşar taleyi yaşayır.

Ermənilər bu abidədən də öz siyasi məqsədləri üçün istifadə eləmək qərarına gəliblər. Onlar türbəni müasir Türkmənistan ərazisində yaşayan  türkmənlərə aid maddi-mədəniyyət abidəsi kimi təqdim etməyə çalışırlar.  Qaraqoyunlu  əmirlərinin sərdabəsi üzərində, qırmızı tuf daşdan inşa edilmiş səkkiztilli türbənin yuxarı hissəsindəki 22 metrlik  ərəbdilli kitabədə Çuxursəd vilayətinin Saatlu-Saqatlı türk tayfasından olan əmirlər Pir Hüseyn və Əmir Səədin adları çəkilir. 

Erməni tarixçilərinin özününküləşdirə bilmədiyi və yerli türklərə məxsus abidələrin başqa millətlərin adına saxtalaşdırması praktikasının əsası hələ Sovet hakimiyyəti illərində qoyulub. 50-ci illərdən başlayaraq 1918-ci ilə qədər azərbaycanlıların yaşadığı Aparan mahalının Qamışlı kəndində qədim türk çadırı üslubunda tikilmiş və 10-cu əsrə aid bu türbənin 1920-ci ildə Türkiyənin cənubundan buraya köçmüş Yezidi kürdlərinə, Ağrı vadisində və Sərdarabad mahalında tapılmış daş stellaların və tanrıçılıq məbədlərinin isə bu ərazi ilə heç bağlılığı olmayan xalqlara aid olduğunu iddia etməyə başlamışdılar.

Bu proses bu gün də davam edir… Qırxbulaq mahalının Beçeneq-indiki Bijni kəndində yerləşən və yerli türklərin “Pişikli məscid” adlandırdıqları tikilinin kitabəsində məscidin hicri tarixi ilə 661-ci ildə, miladi təqvimlə 1262-63-cü illərdə Usta Cəfər və Usta Məhərrəm tərəfindən inşa olunduğu qeyd olunub.  

Ermənistan Mədəniyyət Nazirliyi ilə  İranın Mədəni İrs Elmi-Tədqiqat İnstitutu  ermənilər tərəfindən xarabazara çevrilmiş bu məscidin bərpası barədə razılığa gəliblər. Ancaq bir şərtlə.. Bu məscid də dünyaya  Fars mədəni irsi kimi təqdim olunacaq.

Ancaq bu üzdəniraq tolerantlar bir vaxtlar İrəvan şəhərində  mövcud olmuş  Təpəbaşı, Zal xan, Hacı Novruzəli bəy, Hacı Cəfər bəy, Məhəmməd Sərtib xan, məscidləri haqqında əsasən  susmağa üstünlük verirlər. Danışanda isə bu məscidlərin 30-cu illərdə dinlə mübarizə kompaniyası zamanı dağıdıldığını iddia edirlər. Ancaq müxtəlif illərə aid fotosənədlər bu məscidlərin əksəriyyətinin hətta 70-ci illərə qədər salamat olmasını və müxtəlif məqsədlər üçün istifadə edildikdən sonra son dövrlərdə dağıdıldığını göstərir.

Nə qədər dağıtsalar da Qədim İrəvan iki əsrdir ki, bir kabus kimi qarabaqara erməniləri izləməkdədir.  Bu gün də şəhərdə haranı qazırlarsa ordan Qədim İrəvanın əsl sahiblərinin izlərini qoruyub saxlayan abidələr baş qaldırır.

Total şəkildə məhv edilməsinə baxmayaraq şəhərin gözdən uzaq yerlərində hələ də öz mövcudluğunu qoruyub saxlayan və bu yerlərin əsl sahiblərinin kimliyini göstərən abidələr qalmaqdadır.

 Məsələn, İrəvan xanlığının, tarixi İrəvan şəhərinin son yadigarlarından biri olan Qırmızı körpü…

Zaman-zaman sökülüb dağıdılan, 4 tağından yalnız biri salamat qalan məşhur Qırmızı körpü  də artıq öz ömrünü başa vurmaq üzrədir. Bir müddətdən sonra 350 ilə yaxın yaşı olan bu nadir memarlıq abidəsi də Gedər çayı üzərindəki Gedər körpüsü kimi, Dəmirbulaq körpüsü kimi, Gürcü karvansarası, Avşar karvansarası, Sulu və Susuz karvansaralar kimi  tarixə qovuşacaq.

Təkcə tarixi abidələrə yox, zaman-zaman xain əllər əcdadlarımızın son mənzilinə- qəbirstanlıqlara da uzanıb. Məzarlar yer üzündən silinib, müqəddəs ocaqlar, ziyarətgahlar dağıdılaraq təhqir olunub. Qədim məzar daşları- at, qoç heykəlləri muzeylərə daşınaraq erməni abidəsi kimi təqdim olunub.  Düz 200 ildir ki, bu talan davam edir… 200 ildir ki, ermənilər, bu ərazinin əsl sahiblərinin  əsrlərlə yaşadıqları torpaqlara deyil, nəsil-nəsil bu torpaqlarda yatan əcdadlarımızın qəbirüstü abidələrinə də sahiblənirlər. Tarixi Qarakilsə kəndinin ərazisində açıq havada yaradılmış muzeydə ermənilər Urud qəbirstanlığından və başqa Azərbaycan kəndlərindən talayıb gətirdikləri abidələri öz mədəniyyət nümunələri kimi təqdim edirlər.

Göyçədən Alagözə, Lorudan Zəngəzura qədər uzanan dağlara, düzənliklərə səpələnmiş müxtəlif kurqanlar, qəbirstanlıqlar, dağıdılmış ziyarətgahların qalıqları bu ərazidə yaşayan insanların tanrıçılıqdan islama qədər keçdikləri neçə min illik yolun izlərini qoruyub saxlayır.  Ağbaba mahalında Amasiya rayonunun Balıqlı kəndindəki məscid, Kərpibasar mahalında Əştərək rayonunun Təkyə kəndindəki məscid, Qərbi Zəngəzurda Əkərək kəndindəki məscid, Göyçə gölü sahillərində Nərədüzündə Əmir Səadəddinin məzar daşı, Aşağı Qaranlıqda Qaraqoyunlu tayfasından Əhməd Qasımoğlunun qəbirüstü abidəsi, Dərələyəz mahalının Qabaxlı kəndindəki, Karvansara rayonundakı qədim qəbirstanlıqlardakı sənduqələr, qoç və at fiqurları, onların üzərindəki şəkillər və yazılar, məscidlərin daş kitabələri bu ərazinin köklü sakinlərinin islama qədərki və ondan sonrakı mədəniyyəti, məişəti, adət-ənənəsi haqqında əvəzsiz tarixi məlumat daşıyıcılarıdırlar. Göyçə mahalının kəndlərindəki köhnə qəbirstanlıqlarda bir-birinə qonşu qədim Oğuz və Qıpçaq qəbirlərinin arasındakı daş sənduqələr hələ islama qədər bu yerlərdə aşıq-ozan sənətinin mövcudluğundan xəbər verir.