Qərbi Azərbaycanda təhsil və mədəniyyət

1827-ci il oktyabrın 1-də İrəvan xanlığının Rusiya imperiyası  tərəfindən işğalından sonra, İrəvanın imkanlı və ziyalı elitasının bir qismi şəhəri tərk etsə də, bu insanların mənsub olduğu  böyük nəsillər öz doğma şəhərlərində qalaraq onun  ictimai və mədəni həyatında mühüm rol oynayıblar.

Bütün bunlar təsadüfi deyildi. Çünki, İrəvan şəhərində tarixən elmə və təhsilə böyük diqqət yetirilib. İvan Şopenin yazdığına görə, İrəvan xanlığının süqutu ərəfəsində burada təhsillə əsasən müəyyən təhsil görmüş din xadimləri məşğul olurdular və İrəvan şəhərindəki 8 məscidin nəzdindəki mədrəsələrdə yüzlərlə şagird təhsil alırdı.

İrəvan xanlığının süqutundan sonra Çar Rusiyası bütün Qafqaz ərazisində olduğu kimi burada da müxtəlif məktəblər açmağa başladı. 1832-ci ildə şəhərdə ilk ikisinifli qəza  məktəbi, 1868-ci il martın 15-də bu məktəb əsasında dördsinifli progimnaziya, 1881-ci il martın 31-də isə progimnaziya əsasında İrəvan gimnaziyası yaradıldı.

1881-ci il noyabrın 3-də İrəvan müəllimlər seminariyası , 1898-ci ildə Haşım bəy Nərimanbəyovun məktəbi, 1905-ci ildə isə rus-tatar qızlar məktəbi açıldı.

İlk vaxtlarda İrəvanın müsəlman əhalisi öz uşaqlarını yeni tipli məktəblərə könülsüz göndərsələr də, məktəbə daxil olan azərbaycanlı uşaqların istedadı və qabiliyyəti gimnaziyanın müəllimləri tərəfindən yüksək qiymətləndirilirdi. 1890-cı ildə çap olunmuş “İrəvan gimnaziyası haqqında tarixi qeydlər”də gimnaziyanın müəllimi  Çistyakovun məruzəsində  maraqlı məqamlar yer alıb:

 “Gimnaziyada təhsil alan 25 nəfər yerlilərin böyük qismini- 88%-ni ermənilər, yalnız 12%-ni tatarlar təşkil edir. Əgər nəzərə alsaq ki, bu uşaqların hamısı İrəvan şəhərindən gəlib, onda burada oxuyan tatar uşaqların sayı ermənilər qədər olmalıydı. Çünki şəhər əhalisinin sayına baxsaq, tatarların sayı ermənilərlə eynidir… Başqa sözlərlə bunu ifadə etməli olsaq, tatarların rus gimnaziyasına həvəsi ermənilərə nisbətən 7 dəfə azdır. Bu gimnaziyadakı şagirdlərin say nisbətində də özünü göstərir. 150 nəfər erməniyə qarşı, 20 nəfərdən bir az çox tatar uşağı. Ancaq müsəlmanlarda daxil olma %-i daha yüksəkdir. Belə ki, imtahan verən 22 ermənidən 11-i, yəni 50 %-i daxil olubsa, 3 tatardan 2-si yəni 67%-i gimnaziyaya qəbul olunub”.

Sonrakı illərdə gimnaziyaya daxil olan azərbaycanlıların sayı sürətlə artmağa başladı. İrəvanı  alimlər və şairlər şəhəri adlandıran Firudin bəy Köçərli, 1885-ci ildə Qori müəllimlər seminariyasını bitirib İrəvan gimnaziyasında müəllim kimi fəaliyyətə başladı.

Dünya  şöhrətli alim akademik Mustafa bəy Topçubaşov, akademik Heydər Hüseynov, 1918-ci il mayın 28-də Azərbaycanın İstiqlal bəyannaməsini imzalayanlardan ikisi Əkbər ağa Şeyxülislamov və Nəriman bəy Nərimanbəyov, bəstəkar Səid Rüstəmov, görkəmli dövlət xadimləri  Həsən Seyidov, Əziz Əliyev, Bağır Seyidzadə və neçə-neçə mədəniyyət və elm xadimi  bu gimnaziyanın yetirməsidir.

Həmin dövrdə İrəvan Müəllimlər Seminariyası da  yerli müəllim kadrların hazırlanmasında böyük rol oynayırdı. Seminariyanın  məzunları  İbadulla bəy Muğanlinski və  Cabbar Məmmədzadə 1906-cı ildə İrəvanda pansion açdılar. Azərbaycanın görkəmli ədibi Əziz Şərif ibtidai təhsilini bu pansionda  alıb.

İrəvan ziyalıları həm də anadilli məktəblər  üçün müxtəlif dərsliklər hazırlayırdılar. Mirzə Hüseyn Ağanın Şərq ədəbiyyatından tərcümələri, Haşım bəy Nərimanbəyovun “Ana dili” kitabı, Mirzə Abbas Məmmədzadənin “Güldəstə” adlı dərsliyi və onlarla başqa dərs vəsaitləri Bakıda, Tiflisdə və İrəvanın özündə  çap olunurdu.

Həmin illərdə Bakıda və Tiflisdə çap olunan “Əkinçi”, “Kaspi”, “Molla Nəsrəddin”  və başqa mətbu orqanların  İrəvanda təmsilçiliklərinin olmasına baxmayaraq, 1911- ci  ildə İrəvan şəhərində azərbaycan dilində ilk mətbu orqan- Cabbar Əsgərzadənin təsis etdiyi «Ley-lək» adlı məcmuə nəşr olunmağa başladı. Lakin cəmi bir il sonra Cabbar Əsgərzadənin təsis etdiyi bu məcmuə bağlandı və çox keçmədi ki, 1917-ci il yanvarın 1-də İrəvanın nüfuzlu ziyalılarından Həsən Mirzəzadə-Əliyevin naşirliyi ilə  “Bürhani- Həqiqət” adlı yeni bir məcmuə çap olundu. Öz oxucusunu cəhalət zülmündən xilas etmək, ermənilərin İrəvandakı maddi-mədəniyyət abidələrimizin tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq kimi bir missiyalar daşıyan məcmuə iyunun 29-da çıxan 9-cu nömrəsindən sonra bağlandı.

Qərb mədəniyyətinin mütərəqqi cəhətlərinin ənənəvi təhsil və mədəniyyət sistemi ilə çox tez uzlaşması, 19-cu əsrin sonu 20- ci əsrin əvvəllərində  şəhərdə  azərbaycan mədəniyyətinin  yüksəlişinə təkan verdi.

1873-cu ildə Bakıda ilk Azərbaycan teatrının yaranmasından ruhlanan yerli ziyalılar İrəvanda Azərbaycan Teatr truppası yaratmaq qərarına gəldilər. Çətinliklərə və maneələrə baxmayaraq, nəhayət onlar Vasaq Məmmədovun “Tamahkarlıq düşmən artırar” adlı pyesini qızlar məktəbinin binasında tamaşaçılara göstərdilər.

1898-1903-cü illər ərzində İrəvanda yaşayan Cəlil Məmmədquluzadə şəhərdəki teatr həvəskarları ilə yaxından əlaqə saxlayır, tamaşaların hazırlanıb göstərilməsində iştirak edirdi.

Birinci dünya müharibəsi planetin bütün bölgələrinin geosiyasi xəritəsində əsaslı dəyişikliklərə səbəb oldu. Uzun və üzücü müharibədən sonra iqtisadiyyatı və hərbi gücü xeyli zəifləyən Rusiya imperiyasının dağılması artıq tarixi zərurətə çevrilmişdi. 1917-ci ilin fevralında Romanovlar mütləqiyyəti devrildikdən sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı.

1918-ci il fevralın 14-də isə Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar.

Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması nəticəsində 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün – mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Mayın 28-də isə Azərbaycan və Ermənistan da öz müstəqilliyini elan etdi. Həmin dövrdə Batumidə Osmanlı Türkiyəsi və yeni yaranmış Qafqaz respublikalarının nümayəndələrinin iştirakı ilə yeni sərhədlərin müəyyən edilməsi üçün konfrans keçirilirdi.  Konfransda Azərbaycan Cümhuriyyətini Məhəmmədəmin Rəsulzadə və Məhəmmədhəsən Hacınski təmsil edirdi.

Bu konfransda Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil Mentəşə Tiflis quberniyasının Axıska və Axalkələk qəzalarının, İrəvan quberniyasının  Gümrü  və Sürməli qəzalarının, Eçmiədzin qəzasının Sərdarabad hissəsinin, İrəvan qəzasının cənub və cənub-qərb hissəsini təşkil edən Kəmərli, Uluxanlı   və Vedibasar bölgələrinin, Şərur-Dərələyəz qəzasının Şərur hissəsi və Ordubad istisna olmaqla Naxçıvan qəzasının Osmanlı Türkiyəsinin ərazisi kimi tanınması tələbi ilə çıxış etdi. 

 Həmin dövrdə Bakının Şaumyan rejimindən azad edilməsi üçün Osmanlı dövlətinin hərbi yardımına ehtiyacı olan Azərbaycan nümayəndələri Türkiyənin ərazi və digər tələblərini qəbul etməyə məhkum idilər. Bundan sonra isə Gümrü  türklər tərəfindən tutulduğundan İrəvanın ermənilərə siyasi mərkəz olaraq verilməsi məsələsi gündəmə gəldi. Osmanlı siyasi dairələri İrəvanı güzəştə getmək istəməsələr də, ermənilər bu məsələ üzərində israrla dayanmışdılar və son nəticədə Türkiyə tərəfi də öz maraqlarından çıxış edərək Azərbaycan nümayəndələrinə İrəvan məsələsində Ermənistanla razılığa gəlməyi təklif etdi.

İrəvanın paytaxt kimi ermənilərə verilməsindən sonra  şəhərdəki azərbaycanlı əhaliyə qarşı qırğınlar başladı. 100 minlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi, öz ev-eşiyindən zorla qovuldu. Xilas olanların bir hissəsi Türkiyəyə və Cənubi Azərbaycana, bir hissəsi isə Naxçıvana və Şimali Azərbaycanın mərkəzi ərazilərinə köçməyə məcbur oldu. Əsrlərlə yaradılmış mədəni mühit tamamilə dağıldı. İrəvanın ziyalı nəsilləri pərən- pərən düşdü.

 Mehdi xan Erivanski, Cəfər Xəndan, Hüseyn Seyidzadə, Əhməd Cəmil, Əfşan Qədimbəyova, Kamil Əliyev kimi onlarla, yüzlərlə  gəlcəyin böyük   mədəniyyət və elm xadimləri bu faciələrin ağırlığını hələ körpə ikən çiyinlərində daşımağa məcbur oldular.

Daşnakların hakimiyyəti dövründə şəhəri tərk etmiş azərbaycanlıların yalnız bir qismi Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra İrəvana qayıda bildi. Bütün dövrlərdə bu ərazidə çoxluq təşkil edən azərbaycanlılar öz doğma yurd-yuvalarında “milli azlığa” çevrilmişdilər.

Ermənistanda yaşayan digər xalqların arasında aparılan mədəni-maarif işlərinə rəhbərlik etmək üçün 1921-ci ilin sonlarında Ermənistan K(b)P MK-nın təbliğat-təşviqat şöbəsinin nəzdində azlıqda qalan millətlərlə işi gücləndirmək üçün türk bölməsi yaradıldı. Bu bölmə 1932-cü ilin iyunundan “Azlıqda qalan millətlər şurası”na çevrildi.

Ermənistanda yaşayan azərbaycanlılar arasında savadsızlığın ləğv edilməsində “Azlıqda qalan millətlər şurası”  xüsusi rol oynayırdı. 1924-cü il aprelin 28-də İrəvanda Bala Əfəndiyevin rəhbərliyi ilə yaradılmış Yeni Türk Əlifba Komitəsi azərbaycanlı əhali arasında savadsızlığın ləğv edilməsində böyük  işlər  görürdü. Bu işdə İrəvanda dərc olunan azərbaycandilli mətbuat xüsusi rol oynayırdı. Bütün

Millətsevər ziyalılar tərəfindən Qərbi Azərbaycan ərazisində türk əhali, xüsusən də qadınlar arasında savadsızlığın ləğvi istiqamətində də böyük iş aparılırdı.

1929-cu ilin yanvarından “Zəngi” qəzeti “Qızıl şəfəq” adı ilə nəşr olunmağa başladı. “Qızıl şəfəq” öz sələfi haqqında yazırdı:

“Zəngi” qəzeti Ermənistanda yaşayıb da türkcə danışan işçi və kəndli kütləsinin mədəni inqilab tarixini yaratmağa birinci vasitə və ilk bayraqdar olaraq meydana gəlmişdir. Həftədə iki dəfə çıxan, üç il davam edən fəaliyyətində apardığı təşviqat və məfkurəvi mübarizə sayəsində türk zəhmətkeşlərinin maarif və mədəniyyətcə qabağa getməsində böyük iş görmüşdür. Onun şəfəqləri türk zəhmətkeş kütləsini maarifləndirmək və sosializm quruculuğuna cəlb etmək işində yardımçı olacaqdır.”

Sovet hakimiyyətinin ilk illərində azərbaycanlı uşaqlar  İrəvan şəhərində keçmiş Haşım bəy Nərimanbəyovun məktəbinin bazasında fəaliyyət göstərən Məşədi Əzizbəyov adına məktəbdə və əvvəllər S.M.Kirov adına olan  sonralar isə  Mizə Fətəli Axundovun adını daşıyan məktəbdə və şəhərdəki digər iki beynəlmiləl məktəbdə təhsil alırdılar.

1924-cü ildən internat tipli İrəvan Türk Pedaqoji Texnikumu kimi  fəaliyyətə başlayan, 1936-cı ildən isə  İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi adlanan və müxtəlif vaxtlarda Mehdi Kazımov, Bəhlul Yusifov, Həmid Məmmədzadə kimi tanınmış maarif xadimlərinin  rəhbərlik etdiyi bu təhsil ocağı Ermənistandakı azərbaycanlı məktəbləri üçün müəllimlər hazırlayırdı.  Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olmuş Yusif Məmmədəliyev 1928-1929-cu illərdə bu Məktəbdə və fəhlə fakültəsində müəllim işləyirdi.

Bala Əfəndiyev və Yunis Nuri kimi fədakar ziyalıların hesabına  30- cu illərdə  artıq şəhərdə azərbaycan mədəni mühiti kifayət qədər dirçəlmişdi. Öz  fəaliyyətini bərpa etmiş C. Cabbarlı adına İrəvan Azərbaycan Teatrı Qafqazın sayılan teatrlarından birinə çevrilmişdi.

1947- ci ildə xaricdən köçürülən ermənilərin yerləşdirilməsi bəhanəsi ilə yeni bir köçürülmə dalğası başladı. İrəvanın bütöv məhəllələri boşaldı. İrəvan şəhərindəki onsuz da sayca azlıqda qalan azərbaycanlı əhali nəzərə çarpmayacaq həddə  qədər azaldı.

50-ci illərin ortalarından başlayaraq yenə də fədakar ziyalıların hesabına itkilərin yerini qismən doldurmaq mümkün oldu. Erməni millətçilərinin təzyiqlərinə, təxribatlarına  baxmayaraq Cəfər Vəlibəyov,  Rza Vəlibəyov, Sidiqə Qədimova, Dursun Abbasov, Sabir Əsədov, Tapdıq Əmiraslanov, Əkbər İrəvanlı, Əli Məmmədov, Qüdrət Orucov, Yunis Rzayev, Həbib Həsənov , Sabir Rzayev kimi onlarla, yüzlərlə ziyalı çox cəsarətlə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın təhsili, mədəniyyəti və hüquqları uğrunda mübarizə aparırdılar.

Azərbaycanlı əhalinin sayının kəskin azalması şəhərdə fəaliyyət göstərən uşaq baxçalarındakı uşaqların sayında da özünü göstərirdi. Son dövrlərdə şəhərdəki uşaq baxçasının yalnız birində bir azərbaycanlı qrupu qalmışdı.   İrəvanda son günlərə qədər mövcudluğunu qoruyub saxlamış Axundov adına və Əzizbəyov adına məktəblərin müəllimlərinin fəaliyyəti isə əsl ziyalı fədakarlığının nümunəsi idi.

60-cı illərin sonunda İrəvan Azərbaycan Teatrının kollektivi  Bakıdan təyinatla bu şəhərə işləməyə getmiş bir qrup gənc aktyorun hesabına xeyli gücləndirilmişdi. 1968- ci ildə Hidayət Orucovun bu kollektivə rəhbər təyin olunması isə teatrın həyatında əsil dönüş yaratdı. C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrı Ermənistanın teatrları arasında ən seçilən kollektivlərdən biri olmasına baxmayaraq  bu teatra doğma şəhərində bina verilmədi.

Ancaq bu cür ayrıseçkilik və aqressiv- millətçi  münasibətlə üzləşən yalnız İrəvan Azərbaycan Teatrı deyildi. Azərbaycan mədəniyyəti ilə bağlı hər bir sahədə bu münasibət açıq- aşkar görünürdü. Respublikada yeganə azərbaycandilli mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzeti də sələfləri “Zəngi” və “Qızıl Şəfəq” qəzetləri kimi daim basqı və təzyiqlərlə üzləşirdi. Ancaq bütün bunlara baxmayaraq qəzetin  redaksiyası şəhərdəki azərbaycanlı ziyalıların toplandığı bir mərkəzə çevrilmişdi.

1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra Qərbi Azərbaycana diqqət daha da artırıldı. 1972-ci ildə Heydər Əliyevin qeyri-adi təşkilatçılıq bacarığı və həm də böyük siyasi nüfuzu sayəsində Aşıq Ələsgərin 150 illik yubiley tədbiri ən yüksək səviyyədə keçirildi. İstər Bakıda, istərsə də Moskvada Kremlin Qurultaylar Sarayında keçirilmiş Aşıq Ələsgər yubileyinə keçmiş Sovetlər Birliyinin bütün respublikalarında ən tanınmış elm, mədəniyyət və incəsənət xadimləri toplaşmışdılar. Yubiley tədbirlərinin İttifaq miqyasındakı böyük əks-sədası o vaxt hətta erməniləri də Aşıq Ələsgərin 150 illiyini qeyd etmək məcburiyyəti qarşısında qoydu: Ermənistan SSR ərazisində olan Göyçə mahalında – Aşıq Ələsgərin vətəni Ağkilsə kəndində böyük sənətkarın əzəmətli qəbirüstü abidəsi ucaldıldı. Bu, həmin dövrdə görünməmiş hadisə idi. Vətəni Göyçə mahalı sovet dövründə Ermənistan SSR-in tərkibinə daxil edilən Aşıq Ələsgərin belə bir yubileyinin keçirilməsində məqsəd böyük el sənətkarını Azərbaycan xalqına qaytarmaqla yanaşı, həm də tarixən Azərbaycanın real sərhədlərinin necə olduğu, ulu ata-babalarımızın bu yerlərdə əzəldən yaşadıqları fikrini yeni nəslə çatdırmaq idi.

1978-ci ilin payızında böyük məhrumiyyətlərə və erməni millətçilərinin təzyiqlərinə baxmayaraq 1886-cı ildən İrəvanda fəaliyyət göstərən Cəfər Cabbarlı adına İrəvan Azərbaycan  Dram Teatrının Bakı qastrolları əsl incəsənət bayramına çevrildi. Teatr kollektivinin bir çox nümayəndələri Azərbaycan hökuməti tərəfindən müxtəlif fəxri adlara və mükafatlara layiq görüldülər.

Həmin dövrdə Azərbaycanın müxtəlif teatr və musiqi kollektivlərinin, elm və mədəniyyət xadimlərinin İrəvana və Qərbi Azərbaycanın müxtəlif bölgələrinə səfərləri də müntəzəm xarakter almağa başlamışdı. Bakıdan İrəvana  müxtəlif tədbirlərə gəlmiş ziyalılar, sənət adamları  mütləq qəzetin redaksiyasına və teatr kollektivinə qonaq gəlirdilər. Xüsusən də əslən Qərbi Azərbaycandan olan görkəmli ziyalılar akademiklər Həsən Əliyevin, Mirəli Seyidovun, Qulu Xəlilovun və başqalarının İrəvana hər səfərlərində mütləq burada olmaları həm də həmyerlilərinə mənəvi dəstək məqsədi daşıyırdı.

Bakıdan İrəvana  müxtəlif tədbirlərə gəlmiş ziyalıların, sənət adamlarının  yerli ziyalılarla, elm və incəsənət xadimləri ilə görüşləri mənəvi dəstək olmaqla yanaşı, həm də onların Azərbaycan SSR-də gedən mədəni, elmi proseslərin bir parçasına çevrilməsinə yardım edirdi.