LAYİHƏ HAQQINDA

Vətən müharibəsindəki möhtəşəm zəfərimizdən sonra Qərbi Azərbaycan mövzusu daha  böyük aktuallıq qazanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə tarixi torpaqlarımıza qayıdış konsepsiyasının hazırlanmasının vacibliyini qeyd etdi. Bu nöqteyi-nəzərdən yeni nəslə indiki Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarının, orada xalqımızın əsrlərlə yaratdığı maddi-mədəni irsimizin həm yeni nəslə tanıdılması, həm də bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən həyata keçirilən “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsinin əsas ideyası müxtəlif dillərdə hazırlanmış saytın və tammetrajlı sənədli filmin köməyi ilə son 200 ildə ermənilər tərəfindən dağıdılmış maddi-mədəni irsimiz haqqında tarixi mənbələr, rəsmi sənədlər, xəritələr, nadir foto və video materiallar, ikiölçülü və üçölçülü qrafik təsvirlər vasitəsi ilə dolğun informasiya çatdırmaqdır.

Layihənin gələcəkdə genişləndirilməsi və daha da zənginləşdirilməsi nəzərdə tutulur.  Burada əsas məqsəd Qərbi Azərbaycan ərazilərinin inzibati və mədəni mərkəzi olan İrəvan şəhəri də daxil olmaqla bütün mahallarda əcdadlarımız tərəfindən yaradılmış maddi mədəniyyət abidələrinin (qalalar, məscidlər, saraylar və s.) , incəsənət nümunələrinin (xalçalar, tətbiqi sənət nümunələri), mədəni  mühitin (ədəbiyyat, teatr, təhsil, mətbuat)  beynəlxalq ictimaiyyətə, eləcə də xalqımıza, xüsusən də gənc nəslə daha yaxından tanıdılmasından ibarətdir. 

Layihədə təqdim olunan materiallar eyni zamanda Qərbi Azərbaycanın tarixi, maddi və mədəni irsi  ilə maraqlanan yerli və xarici alimlər, tədqiqatçılar, tələbələr və yuxarı  sinif şagirdləri, dünya azərbaycanşünasları, Ermənistan azərbaycanşünasları üçün istiqamətverici mənbə rolunu oynayacaq.