“SARI GƏLİN”İN SORAĞINDA

tammetrajlı sənədli filmi

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən hazırlanan tammetrajlı sənədli filmin süjet xətti  “Sarı gəlin” xalq mahnısının mənşəyi, onun yaranması tarixçəsinin aydınlaşdırılması  yönündə araşdırmalar, bu barədə xalq arasında yaranmış rəvayətlərin,  əfsanələrin üzərində qurulsa da, əsas məqsəd Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsimizin təbliğidir. Burada etnoqrafiya və folklordan yalnız əsas məqsədə nail olmaq üçün köməkçi vasitə kimi istifadə edilir.

Bu kontekstdə erkən orta əsrlərdən başlayaraq Qərbi Azərbaycan ərazisində gedən tarixi proseslərə nəzər salınır, xalqımızın bu torpaqlarda yaratdığı maddi-mədəni sərvətdən söhbət açılır. Folklor nümunələrindən yalnız filmin süjet xəttini bədii çalarlarla zənginləşdirən hərəkətverici faktor kimi istifadə olunur. Beləliklə bədiiliklə kadrarxası mətndə və tarixçi alimlərin müsahibələrində səsləndirilən elmi faktlara söykənən tarixiliklə folklor  arasında qırılmaz bir bağ yaradılır. 

Filmdə bədii səhnələrdə  Qıpçaq qızının (Sarı gəlin) obrazını Aytac Zeynalova, Oğuz igidi (Sinan) obrazını isə İsmayıl Cəfərov canlandırıb.Filmdə həmçinin vaxtı ilə Qərbi Azərbaycanda yaşamış və işləmiş, orada mövcud olmuş Azərbaycan ədəbi-mədəni mühitinə, o ərazilərin tarixinə yaxından bələd olan, bu istiqamətdə araşdırmalar aparan tədqiqatçıların da fikirlərinə yer verilib.

Çəkilişləri Bakıda, İsmayıllıda, Gədəbəy və Kəlbəcərdə aparılmış filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru  Mübariz Nağıyev, quruluşçu operatoru Fahir Səmədoğlu, prodüsseri Əli İsa Cabbarovdur. Layihənin rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayevdir.