SƏRDARABAD
Araz çayının sol sahilində, Ağrı vadisində yerləşən Sərdarabad mahalı Cənubdan Sürməli, Qərbdən Səədli, Şimal Qərbdən Talın, Şimal Şərqdən Karpibasar, Şərqdən isə Zəngibasar mahalları ilə əhatələnmişdi. 1817-ci ildə Rus qoşunlarının Üçkilsə istiqamətindən olan hücumlarını zəiflətmək məqsədi ilə İrəvan sərdarı Hüseynqulu xan Üçkilsənin qərbində bir qala tikdirdi. Qala xanın şərəfinə Sərdarabad adlandırıldı və həmin il qala ətrafındakı 30 kəndi özündə birləşdirən Sərdarabad mahalı yaradıldı. Qala Rusiya və Osmanlı İmperiyalarının hücümlarından xanlığı qorunmaqla bərabər həm də xanlığın ikinci iqamətgahı rolunu oynayırdı. Mahalın bəzi kəndləri hakim iyerarxiyanın üzvlərinə xidmət müqabilində tiyul və ya torpaq mülkiyyəti kimi verildiyindən bura həm də hakim dairələrinin yay istirahət yeri idi. Sərdarabad mahalına Şəfiabad, Yuxarı Qarxın, Aşağı Qarxın, Türkmənli, Uzunoba, Çubuxçu, İydəli, Canfıda, Quzugüdən, Qurduqulu, Kərimarx, Sərdarabad, Molla Bayazit, Keçili, Evcilər, Xatunarx, Ağcaarx kəndləri daxil idi.
İrəvan xanlığı Rusiya İmperiyası tərəfindən işğal edildikdən sonra 1833-cü il iyun ayının 23-də çar hökumətinin qəbul etdiyi əsasnaməyə görə İrəvan ərazilərində yaradılmış 4 dairədən biri də Sərdarabad dairəsi idi. Sərdarabad dairəsinə Səədli, Talın, Seyidli-Axsaxlı, Abaran, Kərpibasar və Sərdarabad mahalları daxil idi.
1930-cu ildə isə Ermənistan SSR hökumətinin qərarı ilə Sərdarabad və Səədli mahallarının ərazisində mərkəzi Sərdarabad olan Qurduqulu rayonu yaradıldı. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1935-ci il tarixli Fərmanı ilə rayonun və rayon mərkəzinin adı dəyişdirilərək Oktemberyan qoyuldu.
1918-20-ci illərin qırğınlarına, 1948-53-cü illərin deportasiyalarına baxmayaraq burada az sayda da olsa türk-müsəlman əhali 1988-ci ilin deportasiyasına qədər qalırdı.