SEYİDLİ-AXSAXLI
Alagöz dağının Cənub-Şərq ətəklərində yerləşən Seyidli-Axsaxlı mahalı İrəvan xanının fərmanı ilə iki kiçik mahalın- Seyidli və Axsaxlı mahallarının birləşdirilməsindən yaranmışdı. Mahal ərazisindəki 20 kənddən 11-i Seyidlidə, 9-u Axsaxlıda idi. Şörəyel, Talın, Kərpibasar və Abaran mahalları ilə əhatə olunmuş bu ərazidə yaşayan əhalinin əksəriyyətini Səddli türk tayfası təşkil edirdi. Mahalın mərkəzi Üskü yaşayış məntəqəsi idi.
Qərbi Azərbaycan ərazisindəki başqa mahallar kimi bu mahalın ərazisindəki tarixi mədəniyyət abidələri də bu yerlərin qədim türklərin ilkin yaşayış məskənlərindən olduğunu sübut edir. Alagöz dağlarının cənub ətəkləri boyu səpələnmiş və Altay abidələri ilə eyniyyət təşkil edən petroqliflər və daş stellalar burada yaşamış qədim türklərin izlərini qoruyub saxlayan maddi sübutlardır.
Rus İmperiya qoşunlarının 1801, 1804, 1808 və 1827-ci illərdə İrəvan qalası üzərinə yürüşləri zamanı Qırxbulaq mahalı kimi Seyidli-Axsaxlı mahalının da əksər kəndləri dağıdıldı və köçürülmə ermənilərlə məskunlaşdırıldı.
1930-cu il sentyabrın 9-da Ermənistan SSR hökumətinin qərarı ilə mahalın kəndləri Abaran mahalı ilə birləşdirilərək burada Abaran rayonu yaradıldı.