TALIN

Şərqdən Alagöz dağlarının qarlı zirvələri, cənubdan isə böyük və susuz çöllərlə əhatələnmiş Talin mahalı İrəvan xanlığının 15 mahalındanbiri idi. Şimalda Şörəyel, cənubda Sərdarabad və Səədli mahalları, qərbdə isə Qars Paşalığı ilə həmsərhəd olan mahalın ərazisində 20 kənd var idi. Əhalisinin sayının az, ərazisinin kiçik olmasına baxmayaraq  Qara dəniz sahillərinə gedən karvan yollarının üzərində yerləşməsi bu ərazini İrəvan xanlığının ən əhəmiyyətli bölgələrindən birinə çevirmişdi.

Talin mahalı xristian qıpçaqlara məxsus qədim kilsələr və qalalarla ən zəngin bölgə sayılır. Buradakı V-VII əsrə aid Masdərə məbədi, X əsrdə tikilmiş Talin məbədi, islam mədəniyyəti dövrünə aid Talin karvansarası, Şəddadilər dövründə tikilmiş Talın qalası vaxtı ilə burada yaşamış türklərin malik olduqları zəngin memarlıq mədəniyyətindən  xəbər verir.

Bölgənin Çar Rusiyası tərəfindən işğalından sonra Talın mahalı da ləğv edilərək İrəvan quberniyasının Eçmiadzin qəzasının tərkibinə qatıldı. 1918-20-ci illərdə erməni-daşnak qoşunlarının burada törətdiyi qırğın nəticəsində mahal ərazisində yaşayan türk əhali buraları tərk etdilər.

Sovet hakimiyyəti illərində isə artıq bütünlüklə ermənilərlə məskunlaşdırılmış bu ərazidə eyniadlı Talın rayonu yaradıldı.