QƏRBİ ZƏNGƏZUR

Tarixi Zəngəzur mahalı qərbdən Zəngəzur dağ silsiləsi, şərqdən Qarabağ, şimaldan Sünik yaylaları və cənubdan isə Araz çayı ilə əhatə olunan böyük bir ərazini tutur.

Çoxlu sayda yaxın, uzaq tarixi mənbələr, Zəngəzurun ən qədim dövrlərdən Azərbaycan ərazilərində təşəkkül tapmış dövlətlərin tərkibində mövcud olduğunu sübut eləyir.

1750-ci ildə  Qarabağ xanlığı hərbi qüvvələrinin üstünlüyü sayəsində Zəngəzur ellərini-Bərgüşad, Tatev, Sisian, Qafan, Meğrini Naxçıvan bəylərbəyliyindən qoparıb öz xanlığına qatdı və bu ərazilər Qaraçorlu mahalı adlandırıldı.

Ancaq Şimali Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal olunduqdan sonra, 1840-cı ildə Qaraçorlu mahalı ləğv edilərək burada Zəngəzur qəzası yaradıldı, 1867-ci il dekabrında Zəngəzur yeni yaradılan Yelizavetpol quberniyasının tərkibində ən böyük ərazi-inzibati vahidi olub dörd dairəyə bölünmüşdü: Hacısamlı, Alyanlı, Bərguşad və Həkəri dairələri.  Zəngəzurun qəza mərkəzi Gorus şəhəri idi.

1921-ci il 12 yanvar tarixlində bolşevik hökuməti “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili“ haqqında qərar çıxardı. Qərara əsasən Zəngəzur bölgəsi  2 yerə bölündü. Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən 3.105 kv.versti Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verildi.

1921-ci il  iyunun 3-də isə RKP MK Qafqaz Bürosunun Stalinin iştirakı ilə keçirilən iclasında  Zəngəzurun Ermənistana birləşdirilməsi başa çatdırıldı.

Zəngəzurun Ermənistan SSR-ə verilmiş hissəsində- Qərbi Zəngəzurda 1930-cu il sentyabrın 9-da Qafan, Gorus, Qarakilsə və Mehri rayonları yaradıldı. Zəngəzurun Azərbaycanda qalan hissəsində isə 1933-cü ildə  Zəngilan, Qubadlı və Laçın rayonları yaradıldı.

1918-ci ilə qədər Zəngəzur mahalında  200-dən yuxarı  azərbaycanlı kəndi olduğu halda 1988-ci ildə  burada  cəmi 58 kənddə azərbaycanlılar yaşayırdı. Sovet hakimiyyəti illərində Zəngəzur ərazisində 29 azərbaycanlı kəndi tamamilə ləğv edildi, 40-yaxın kəndin adı isə erməniləşdirildi.