ZƏNGİBASAR
İrəvan şəhərinin cənub hissəsindən Araz çayına qədər uzanan Zəngibasar mahalı Cənubdan Sürməli, Qərbdən Sərdarabad, Şərqdən Gərnibasar mahalları ilə əhatə olunub. Adını ərazisindən keçən Zəngi çayından götürən Zəngibasar XIX əsrdə Qırxbulaq mahalından ayrılaraq müstəqil mahala çevrilib. Zəngiçayın hər iki sahilində salınmış 26 kənddən ibarət olan mahalın mərkəzi Uluxanlı kəndi idi.
1918-20-ci illərdə ermənilərin törətdiyi qırğınlar və 1930-cu illərin repressiyaları zamanı Zəngibasar mahalının Arazqırağı kəndlərinin əhalisinin böyük bir hissəsi Türkiyə ərazisinə köçməyə məcbur oldu.
1920-ci illərdə mahalın mərkəzinin qədim Uluxanlı adı dəyişdirilərək N.Nərimanovun şərəfınə Nərimanlı, 1937-ci il dekabrın 31-də yenidən dəyişdirilərək Zəngibasar qoyuldu. Ondan sonra qısa bir müddətə Zəngi çayının Razdan adlandırılması ilə bağlı kəndin adı da Razdan qoyuldu. Nəhayət 1950-ci il iyulun 31-də bu ad da Masis ilə əvəz edildi.
1938-ci ildə Zəngibasar ərazisində eyni adlı inzibati rayon yaradıldı. Zəngibasar rayonu ərazisindəki 37 kəndin ancaq dördündə ermənilər yaşayırdılar. SSRİ Hazirlər Sovetinin 1948-50-ci illərdə Ermənistan SSR-dən 100 min azərbaycanlının Kür-Araz düzənliyinə köçürülməsi haqqında qərarından sonra köçürülmüş Uluxanlı azərbaycanlılarının ev-eşiyini ələ keçirən ermənilər burada da məskunlaşmağa başladılar.
1958-1960-cı illərdən sonra yenidən Zəngibasara, öz doğma yurdlarına qayıdan azərbaycanlı əhalinin sayı 1988-ci ilin noyabr ayında, sonuncu deportasiya vaxtı 29860 nəfərə çatmışdı.