Qərbi Azərbaycanın etnik siması necə dəyişdirildi

Bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi- Qərbi Azərbaycan torpaqları hələ eramızdan əvvəl IV-II əsrlərdə qədim türk tayfaları olan sakların, kimmerlərin, skiflərin, turukkilərin, qarqarların, qıpçaqların, oğuzların və başqlarının məskunlaşdığı ərazilər olub. Tarixin müxtəlif dövrlərində burada mövcud olmuş Sacilər, Şəddadilər, Eldəgizlər, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Osmanlı dövlətlərinin tərkibində olan bu torpaqlara ermənilərin ilk gəlişi XV əsrin ortalarına təsadüf edir.

Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə,  1431-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəmin  7 kəndi- Üçkilsə, Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğanlı kəndlərini katolikos Qriqor Makuluya 530 min Təbriz dinarına satdıqdan sonra Qərbi Azərbaycan ərazisində  ilk erməni yaşayış məskənləri yarandı. 1441-ci ildə Cahanşah Qaraqoyunlunun fərmanı ilə erməni katalikoslarının fəaliyyət mərkəzinin Kilikiyanın Sis şəhərindən Azərbaycana – İrəvan yaxınlığındakı Üçkilsəyə köçürülməsinə icazə verildi və qədim qıpçaq-xristian məbədi olan Üçkilsə (Eçmiədzin) erməni katalikosluğunun dini mərkəzinə çevrildi.

16-17-ci əsrlərdə uzun sürən Səfəvi Osmanlı müharibələri zamanı indiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə halda yaşayan ermənilər tarixi fürsətdən istifadə edərək  öz  dövlətlərini yaratmaq arzusuna düşdülər. Səfəvi hökmdarları Osmanlı ilə mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq üçün xristian agentlərdən-erməni tacirləri və din xadimlərindən istifadə edirdilər.

Şahlığın ərazisində olan erməni kilsələrinə xüsusi güzəştlər verilmişdi. Onlar vergiləri yerli hakimlərə deyil, birbaşa şah xəzinəsinə verirdilər.

Erməni tacirləri varlandıqca erməni kilsələrinin var-dövləti aşıb-daşır, nəticədə onların dövlət yaratmaq üçün iştahları daha da güclənirdi. Bu işi həyata keçirmək üçün erməni kilsəsi gizli olaraq Avropa ölkələrində və Rusiyada özünə himayədar axtarırdı. Erməni keşişləri mütəmadi olaraq gah Avropa ölkələrinə, gah da Şimala- Rus Çarlarına elçilər və məktublar göndərərək öz xidmətlərini təklif edirdilər.

1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Azərbaycan ərazisində müstəqil feodal dövlətlər –xanlıqlar yarandı.

Mir Mehdi xan Qacarın əsasını qoyduğu İrəvan xanlığı Azərbaycanın şimal-qərbində, keçmiş Çuxursəd bəylərbəyliyinin böyük bir hissəsini əhatə edirdi. İrəvan xanlığının  inzibati ərazisi vahid mərkəzdən idarə olunan  15 mahaldan-Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur-Dərələyəz, Saatlı, Talin, Seyidli-Ağsaqqallı, Sərdarabad, Kərpı, Abaran, Dərəçiçək və Göyçə  mahallarından ibarət idi.

XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal etməyi qarşısına məqsəd qoymuş

Çar Rusiyası Azərbaycan torpaqları uğrunda müharibələrə başladı.

1801, 1804-cü illərdə general- leytenant Sisyanovun, 1808-ci ildə isə general feldmarşal Qudoviçin İrəvan uğrunda döyüşlərdə biabırçı məğlubiyyətindən sonra, Rus qoşunları bir də 1827-ci ilin yayında Qraf Paskeviçin rəhbərliyi altında Naxçıvan və İrəvan xanlıqları üzərinə yürüşə başladılar. Avqust ayında Naxçıvan qalası təslim oldu. İrəvan qalası mühasirəyə alındı. Qala müdafiəçiləri ciddi müqavimət göstərsələr də bu dəfəki döyüşdə qüvvələr qeyri bərabər idi. 1827-ci il oktyabr ayının 1-də Rus qoşunları İrəvan qalasına daxil oldular.

1828-ci il fevralın 10-da Çar Rusiyası ilə İran arasında imzalanmış Türkmənçay sülh müqaviləsinə görə Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil oldu.

1826-1828-ci illər müharibəsi gedişində İrandan Cənubi Qafqaza 18 min erməni ailəsi köçürülmüşdü. Sonrakı iki ildə İrəvana və Qarabağa İrandan daha 40 min, Türkiyədən isə 84 000 erməni köçürüldü. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində qondarma “Erməni vilayəti”nin yaradılması Çar Rusiyasının gələcək planlarından xəbər verirdi.

1840-cı ildə Şimali Azərbaycan xanlıqlarına məxsus ərazidə 7 quberniya yaradıldı.

N.N.Şavrov Rusiyanın Zaqafqaziyadakı müstəmləkəçilik siyasəti haqqında yazır:

“Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq… 1826-28-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi. Onları həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axılkələk qəzalarında yerləşdirdik, onların yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət torpağı ayrıldı. 2 milyon rubldan artıq məbləğdə müsəlmanlardan xüsusi mülkiyyət torpaqları satın alındı.”

Köçürülən ermənilər əsasən Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göycə gölünün qərb sahilində məskunlaşdırılırdı.

1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Ermənilərin Qərbi Azərbaycan torpaqlarına axını yenidən  gücləndi və daha  400 minə yaxın erməni köçüb gəldi.

Yeni yurd yerlərində məskunlaşan ermənilər az keçmədi ki,  “Dənizdən-dənizə Böyük Ermənistan” xülyasına düşdülər. 1890- cı ildə Tiflisdə “Daşnaksütyun” təşkilatının yaradılması ilə erməni millətçiləri bütün Qafqaz ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın əməliyyatlarına başladılar. Bu qanlı hadisələr 1905-1907-ci illərdə xüsusilə qabardı. Həmin illərdə İrəvanda Zəngəzurda, Qarabağda və digər bölgələrdə minlərlə azərbaycanlı qətlə yetirildi.

1918-ci il may ayının 27-də Zaqafqaziya Seyminin  buraxılması ilə Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdilər.

2-ci dünya müharibəsinin qalibləri isə həmin vaxt bu regionda yeni sərhədləri cızmaqla məşğul idilər. Bolşevizmin yayılmasının qarşısını almaq üçün müstəqil Qafqaz respublikalarının mövcudluğunu zəruri hesab edən Qərb dövlətləri yalnız İrəvanın ermənilərə paytaxt olaraq veriləcəyi təqdirdə Azərbaycan Xalq Cumhuriyyətini tanıyacaqlarını bildirdilər. Müstəqilliyini qorumaq və dünya ölkələri tərəfindən tanınmaq üçün Azərbaycan güzəştə getməyə məcbur oldu.

Bu, Qərbi Azərbaycan ərazisində yaşayan yüz minlərlə azərbaycanlının faciəsinə səbəb oldu.

1905-07-ci və 1918-20-ci illərdə Zaqafqaziyada baş vermiş iki qırğın zamanı 2 milyona yaxın azərbaycanlı, ermənilər tərəfindən qətlə yetirildi, öz ev-eşiyindən zorla qovuldu.

1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra Sovet Rusiyası Azərbaycanın  ümumi sahəsi 27.4 min kvadrat km olan Zəngəzur, Dərələyəz, Göyçə və Dilican bölgələrini ərazisi kiçik olan Ermənistana bağışladı. Borçalı isə Gürcüstan ərazisinə birləşdirildi.

1923-cü ildə isə ermənilərin mənafeyinə uyğun olaraq Azərbaycan SSR ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

Azərbaycanlı əhalinin kütləvi surətdə geri qayıtması Ermənistan rəhbərliyini yenidən narahat eləməyə başladı.

Lakin Ermənistan hökumətinin müqavimətinə və orada hökm sürən aclıq və səfalətə baxmayaraq, artıq 1922-ci ildə 100 min qaçqın doğma yurdlarına qayıtmışdı. Müsəlmanların yaşamış olduqları kəndlərin çoxunda Türkiyədən gəlmiş erməni ailələri yerləşdiklərindən, qayıdan qaçqınlar ya öz yurdlarını yenidən tərk etməyə, ya da ermənilərlə birgə yaşamağa məcbur olmuşdular. Nəticədə Ermənistan ərazisində  80-dən artıq ermənilərlə qarışıq yaşayış məskənləri yarandı.

1926-cı ildə Ermənistanda 743573 erməni, 84717 türk siyahıya alınmışdı. 1939-cu ildə isə 1062000 erməni, 130800 türk qeydə alınmışdı. Türklərin yüksək təbii artımı erməniləri narahat edirdi.

1937-ci ilin payızında Ermənistanda güclənən repressiyaların dalğasının fonunda azərbaycanlılar daha ağır zərbə aldılar. Mikoyanın rejsissorluğu ilə keçirilən “təmizlənmə” prossesində 1937-ci ilin payızında və 1938-ci ilin yazında Vedibasar, Zəngibasar, Qəmərli, Üçkilsə, Sərdarabad və Ağbaba rayonlarının Türkiyə ilə həmsərhəd kəndlərində yaşayan on minlərlə azərbaycanlı  Qazaxıstana sürgün edildi.

Ermənistanın Türkiyə və İran sərhədləri, eləcə də İrəvan şəhərinin ətraf rayonları ən münbit torpaqlar hesab edilirdi və həmin rayonlarda hələ də azərbaycanlılar əksəriyyət təşkil edirdilər.

Ermənistan rəhbərlərinin qarşısında duran başlıca vəzifə İrəvan ətrafında və Türkiyə ilə sərhəd boyu münbit torpaqlarda yaşayan azərbaycanlıları həmin ərazilərdən köçürməyə nail olmaqdan ibarət idi. Bunun üçün isə ilk növbədə Moskvanın razılığı alınmalı idi. Xaricdə yaşayan ermənilərin Ermənistanda yaşamaq arzusunda olduqlarını, lakin onları yerləşdirmək üçün ərazilərin azlıq təşkil etdiyini Stalinin nəzərinə çatdırmaq lazım idi.

Xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi üçün məsələ qaldırmaq fürsətini onlar ilk dəfə 1943-cü ildə Tehran konfransı zamanı əldə etdilər. Konfransın gedişində erməni diasporunun nümayəndələri SSRİ xarici işlər naziri Molotovla əlaqə yaratdilar və onların Ermənistana köçürülməsi üçün Sovet rəhbərliyinin razılıq verməsini xahiş etdilər. Ancaq, bu müraciət cavabsız qaldı və məsələyə erməni kilsəsi qarışmalı oldu.

1945-ci il aprel ayının 19-da erməni arxiyepiskopu Gevorq Çörəkçiyan SSRİ Xalq Komissarları Soveti yanında Dini İşlər üzrə Şuranın sədri Polyanskinin müşayiəti ilə İosif Stalinin qəbuluna gedirdi. Bir neçə uğursuz cəhddən sonra Çörəkçiyan nəhayət ki, bu görüşə razılıq ala bilmişdi. Çörəkçiyanın düşüncəsinə görə bu görüş erməni xalqının taleyində köklü dəyişikliklərə səbəb olmalıydı. Rəsmi olaraq Stalinlə görüşün reqlamentində Eçmiədzin kilsəsinin bəzi səlahiyyətlərinə rəsmi statusun verilməsi olsa da, bunun arxasında bütün Qafqaz regionu üçün, xüsusən də orada yaşayan azərbaycanlılar üçün gələcək faciələrin əsasını qoyacaq bir məsələnin müzakirəsi dayanırdı. Sovet İttifaqının ermənilərin xeyrinə Türkiyəyə torpaq iddiası və xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına repatriasiyası. Bu məsələlərdə Sovet hökuməti əsas müttəfiq kimi erməni kilsəsini görürdü. Sonralar bütün ermənilərin VI katolikosu seçilən Çörəkçiyan həmin görüş haqqında xatirələrində yazırdı:

 “Kilsə məsələlərini müzakirə etdikdən sonra  Stalin dedi: “Tezliklə müharibə qurtaracaq Bizim hökumətimiz 1920-ci ildə Türkiyəyə verilmiş Qərbi Ermənistan torpaqlarını geri almaq fikrindədir. Bu ərazilərdə ermənilər yerləşdirilməlidir. Buna görə də həmin dövrə qədər Ermənistan ərazisinə  100 minlərlə erməninin miqrasiya olunmasını nəzərdə tutmuşuq. Tezliklə bu barədə hökumətin qərarı olacaq. Siz də bu işdə bizə yardım etməlisiniz.”  Bu gözlənilməz şad xəbərdən özümü itirdim və bir anlıq mənə elə gəldi ki, bütün bunlar yuxudur və mən özümü ələ alıb  Stalinə dedim: “Erməni kilsəsinin arxivlərində şahların, sultanların, çarların və başqa yüksək məqam sahiblərinin imzaladığı fərmanlar və əmrlər var. Onları biz göz bəbəyi kimi qoruyuruq. Yaxşı olardı ki, bu imzalar içərisində sizin erməni kilsəsinə və erməni xalqına xüsusi diqqətinizin təsdiqi olan imzanız da olardı.”

Bir neçə aydan sonra SSRİ Xalq Komissarları Sovetinin sədri İ. Stalin Gevorq Çörəkçiyanın bu arzusunu da yerinə yetirdi.  Belə bir qərar 1945-ci il noyabr ayının 21-də imzalandı.

 Bu, xaricdən ermənilərin Sovet Ermənistanına qaytarılması tədbirləri haqqında SSRİ Xalq Komissarları Sovetinin 2947 N-li Qərarı idi.

(Nüsxələri Ermənistanın Dövlət Arxivində və Eçmiədzin kilsəsinin Arxivində saxlanan, Ermənistanda yaşayan azərbaycanlıların taleyində birbaşa rol oynamış  bu sənədin mahiyyətindən indiyədək az-çox xəbərimiz olsa da, onun tam mətninin oxucular üçün maraqlı olacağını düşündük.) Sənəddə deyilirdi: 

“Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 25 illiyinin qeyd edilməsi ilə bağlı, SSRİ Xalq Komissarları Soveti QƏRARA ALIR:

  1. Xaricdə yaşayan ermənilərin vətənə-Sovet Ermənistanına qayıtmaq üçün onlara icazə verilməsi haqqında müraciətlərini və Ermənistan SSR rəhbər orqanlarının köçmək arzusunu bildirmiş xaricdə yaşayan ermənilərin qayıdışını təşkil etmək üçün Ermənistan SSR Xalq Komissarları Sovetinə icazə verilməsi haqqında zəmanəti  nəzərə alınsın.
  2. Ermənistan SSR hökumətinin Ermənistan SSR Xalq Komissarları Soveti yanında erməni-miqrantların qəbulu və yerləşdirilməsi üzrə Komitənin yaradılması təklifi qəbul edilsin.
  3. Ermənistan SSR Xalq Komissarları Sovetinə tapşırılsın ki, vətənə qayıtmış erməniləri fərdi mənzil tikintisi üçün yaşayış evinin 50 %-i məbləğində dövlət krediti ilə təmin etsin.
  4. Xaricdən SSRİ-yə qayıdan erməni vətəndaşlar, xaricdən yaşayış yerinə gətirdikləri şəxsi əmlaka görə gömrük xərclərindən azad edilsinlər.”

1827-1920-ci illər ərzində ermənilərin  tarixi Azərbaycan torpaqlarına kütləvi köçürülmələrini (təxmini hesablamalara görə 1 milyon 500 min-dən yuxarı) nəzərə almasaq Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra da köçürülmə prosesi dayanmamışdı.  Regiona 1921-1925-ci  illər ərzində 19.688 nəfər, 1926-1936- cı  illər ərzində isə 22.595 nəfər erməni  köçürülmüşdü. Planlaşdırılan bu köçürülmə miqyasına görə istər say etibarı ilə, istərsə də dünyadakı erməniləri əhatə dairəsinə görə ən böyük olmalıydı. İlkin dövr üçün ərizə ilə müraciət etmiş 360 000 erməninin köçürülməsi nəzərdə tutulmuşdu. 1946-cı ildən başlayaraq xaricdə yaşayan ermənilərin ilk dəstələri Ermənistana gəlməyə başladı.

Sovet təbliğat maşını və erməni kilsəsi təşviqat işini elə qurmuşdu ki, müxtəlif  ölklərdə yaşayan erməni koloniyaları tezliklə SSRİ-yə köçməyə can atır, SSRİ-nin bu ölkələrdəki səfirliklərinə kütləvi müraciətlərin ardı-arası kəsilmirdi. Ancaq Sovet hökuməti  belə kütləvi köçürülmələr zamanı ölkə ərazisinə düşmən elementlərin soxulacağından ehtiyat edərək, prosesi mərhələlərlə və ciddi yoxlamalar keçirməklə aparırdı. Oxuculara ilk dəfə təqdim olunan başqa bir sənəd-Xarici İşlər Xalq Komissarının müavini V. Dekanozovun imzası ilə SSRİ-nin ABŞ, Fransa və Türkiyədəki səfirliklərinə, Misir və İraqdakı nümayəndəliklərinə göndərilmiş “məxfi” qrifli məktubda maraqlı məqamlar yer alıb. Bu məktubun mətnini də olduğu kimi təqdim edirik:

“Xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına qaytarılması haqqında SSRİ XKS-nin 21 noyabr 1945-ci il qərarı ilə bağlı olaraq, SSRİ-nin Səfirlik, Nümayəndəlik və Konsulluqlarından ermənilərin vətənə köçürülməsi üzrə praktiki tədbirlərlə bağlı sorğular daxil olur.

Məlumunuz olsun ki, Ermənistan SSR hökuməti bu il Bolqarıstan, Rumıniya, Yunanıstan, Suriya, Livan və qismən də İrandan ermənilərin ilk dəstəsinin köçürülməsini nəzərdə tutub. Erməni koloniyalarının mövcud olduğu başqa ölkələrdən -xüsusən də ABŞ, Fransa, Misir, Türkiyə və İraqdan bu il ermənilərin kütləvi  şəkildə köçürülməsi nəzərdə tutulmur. Bu ölkələrdən yalnız,  Ermənistan SSR XKS-nin yanında Xaricdən gələn ermənilərin qəbulu və yerləşdirilməsi Komitəsinin xüsusi olaraq müyyənləşdirdiyi ayrı-ayrı şəxslərin və ya qrupların köçürülməsindən söhbət gedə bilər. Bütün bunları nəzərə alaraq, bizim ABŞ, Fransa, Misir, Türkiyə və İraqdakı Səfirlik, Nümayəndəlik və Konsulluqların diqqəti ermənilərin köçürülməsi məsələsində aşağıdakılara yönəldilməlidir:

  1. a) Sovet Ermənistanına köçmək istəyən ermənilərin siyahısının tərtibi üzrə hazırlıq işləri görülməlidir. Bu işlərin görülməsində yerli mütərəqqi erməni təşkilatlarının köməyindən istifadə etmək məqsədəuyğun olardı.

b)Ermənilərin birinci növbədə köçürülməyə daha çox ehtiyacı olan kontingentini müəyyən etmək lazımdır.

  1. v) mütərəqqi erməni təşkilatlarının və xeyriyyə cəmiyyətlərinin xaricdə yaşayan ermənilərin vətənə köçürülməsinə yardım fondlarına vəsait toplanması təşəbbüsünə dəstək vermək lazımdır.

Bu məsələlərlə  bağlı Ermənistan SSR XKS-nin yanında Xaricdən gələn ermənilərin qəbulu və yerləşdirilməsi Komitəsi xaricdə yaşayan ermənilərin mütərəqqi fikirli təşkilatlarının və xeyriyyə cəmiyyətlərinin rəhbərlərinə məktubla müraciət edib. Siz bu təşkilatlara onların fəaliyyətində lazımi dəstəyi göstərməlisiniz.”

Bu məktubdan sonra, 1947-ci ilin may ayında Nyu-Yorkda Ümumdünya Pan-Erməni Konqresi keçirildi. Konqresdə 22 ölkədən 715 nümayəndə iştirak edirdi. Konqresin gündəliyindəki əsas  məsələlərdən biri də   xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi işinin təşkili idi. 

Sovet hökuməti Konqresin işini yaxından izləyirdi. Onun burada maraqlarının  əsas müdafiəçiləri nə qədər qəribə görünsə də erməni kilsəsinin dünyanın müxtəlif yerlərindən gəlmiş nümayəndələri idi.  Bu işdə əsas ağırlıq SSRİ-nin ABŞ-dakı baş konsulu Yakov Lomakinin üzərinə düşürdü. Çünki, Sovet İttifaqına köçürülənlərin bütün qeydiyyatı SSRİ-nin ABŞ-dakı baş konsulluğunda aparılırdi.  Bu işdə baş konsulun əsas məsləhətçisi SSRİ Xarici İşlər Xalq Komissarlığının   İqtisadiyyat şöbəsinin müdir müavini Hamazasp  Arutunyan idi.  1947-ci il noyabr ayının 2-də Nyu-Yorkda Valdorf-Astoriya mehmanxanasının zalında ABŞ Erməni Milli Şurası minnətdarlıq əlaməti olaraq SSRİ-nin  baş konsulu Yakov Lomakin və professor Hamazasp  Arutunyanın şərəfinə banket təşkil etdi.

İllər

Ölkələr

Köçürülüb (nəfər)

1946    

Suriya, Livan

19 253

Bolqarıstan

4 383

İran

20 597

Rumıniya

1 738

Yunanıstan

4 974

1947    

Suriya, Livan

12 985

Yunanıstan

13 241

Fransa

5 264

Misir

1 669

Fələstin

1 260

İraq

856

ABŞ

151

Çin

16

1948    

Rumıniya

1 046

Misir

2 023

1949

ABŞ

162

Beləliklə 1946-1949-cu illər ərzində xarici ölkələrdən Ermənistana 89637 nəfər erməni köçürüldü. Bu cədvəldən də göründüyü kimi, köçürülmələrin ən intensiv dövrü 1946, 1947-ci illərə təsadüf edir. Elə Ermənistan SSR rəhbərliyi də bundan çox məharətlə istifadə etdi.  Xaricdən gələn ermənilərin yerləşdirilməsinin çətin olduğunu bəhanə edən Ermənistan KP MK-nın birinci katibi Q. Arutinov “vəziyyətdən yeganə çıxış yolunu” Ermənistandan yüz min əhalinin Azərbaycana köçürülməsində görürdü.

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 №-li qərar qəbul etdi.

Qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə “könüllülük prinsipi əsasında” Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulub.

Bu qərar Ermənistanda yaşayan Azərbaycan türkləri üçün qəfil və gözlənilməz idi.  Ermənistan SSR Daxili İşlər naziri Qriqoryanın Azərbaycan SSR Nazirlər Sovetinə göndərdiyi məxfi qrifli məktubda əhalinin köçürülməyə qarşı mənfi münasibətindən bəhs edilirdi:

“Tərəfimizdən azərbaycanlı əhali arasında yeni yaşayış yerlərinə köçürülmə əleyhinə fikirlər  söylənməsi, bəzi adamların qəbirstanlıqlara gedərək doğmalarının qəbirləri üzərində ağlamaları və onların köçürülməmələri üçün dua etmələri faktları aşkar edilmişdir.

Həmçinin kolxozçular arasında tarla işlərinə çıxmamaq, meyvə ağaclarını kəsmək, yaşayış evlərinin və yardımçı binaların uçurulması kimi faktlara da rast gəlinib…”

  Ancaq Ermənistan hökuməti köçürüləcək yaşayış məntəqələrinin siyahısını artıq çoxdan  hazırlamışdı. Bu siyahıya ilk növbədə İrəvan şəhəri və ona yaxın Əştərək, Zəngibasar, Üçkilsə, Sərdarabad, Qəmərli, Qarabağlar, Vedi, Paşalı,  Axta , Keşişkənd, Basarkeçər rayonları daxil edilmişdi.

Bəzən cəmiyyət arasında belə bir yanlış fikir də formalaşdırmağa çalışırlar ki, guya ki, Mir Cəfər Bağırov üçün bu qərar gözlənilməz olub və onun belə bir qərarın hazırlanmasından xəbəri olmayıb. Doğrudan da bu qərar imzalnan vaxt Azərbaycan K(b)P MK katibi Bakıda olmayıb. Həmin vaxt o, Qara dəniz sahilində istirahətdə olub. O dövrün sənədlərində bu qərar haqqında ilk məlumatın ona dekabrın 26-da  Nazirlər Sovetinin sədri T. Quliyev və Azərbaycan KP MK-nın II katibi  H. Seyidov tərəfindən verildiyi göstərilib.  Ancaq Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan başqa bir sənəd bu fikrin yanlış olduğunu göstərir. Azərbaycan K(b)P MK katibi M. C. Bağırov və Ermənistan K(b)P MK katibi Q. A. Arutinovun  İ. Stalinə birgə müraciətinin mətni iki respublika rəhbərinin öz xalqının taleyinə münasibətini ortaya çıxarır.

“Yoldaş İ. V. Stalinə

Son illərdə Azərbaycan və Ermənistan Respublikalarında baş vermiş təsərrüfat dəyişiklikləri məsələsini müzakirə edərək, aşağıdakı təkliflərlə Sizə müraciət etməyi qərara aldıq:

Mingəçevir sisteminin həyata keçirilməsi nəticəsində  yeni suvarma torpaqlarının yaranması ilə bağlı pambıqçılıq rayonlarının kolxozlarında işçi qüvvəsinin çatışmaması, həmçinin bu rayonlarda pambığın məhsuldarlığının artırılması məsələləri, Azərbaycan SSR-in bu rayonlarında əhalinin sayının artırılması məsələsini ortaya çıxarır.

Bu məsələnin ən real həlli bu rayonlara  Ermənistanda yaşayan azərbaycanlı əhalidən 130 min nəfərin köçürülməsi ola bilər.

Azərbaycanlı əhalinin Ermənistandan Azərbaycana köçürülməsi, xaricdən vətənə köçən ermənilərin qəbulu və yerləşdirilməsi şərtlərini də xeyli asanlaşdırmış olardı.

Azərbaycanlı əhalinin köçürülməsi nəticəsində boşalmış torpaqlar və yaşayış yerləri xaricdən köçüb gəlmiş erməni kəndlilərinin yerləşdirilməsi üçün istifadə oluna bilər.

Gəlinən nəticələrdən çıxış edərək, Sizin aşağıdakı məsələlərlə bağlı qərar qəbul etmənizi xahiş edirik:

  • Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-in əhalinin seyrək məskunlaşdığı pambıqçılıq rayonlarına köçürülməsi və boşalmış torpaqların və yaşayış yerlərinin xaricdən köçüb gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə olunması;
  • Azərbaycan SSR və Ermənistan SSR Nazirlər Sovetlərinə köçürülmənin şərtlərini və qaydalarını işləyib hazırlamaq və köçürməyə rəhbərlik etmək üçün  birgə komissiyanın yaradılması;
  • Bu tədbirlərlə bağlı xərclərin İttifaq büdcəsinə daxil edilməsi.”

Sənəd Stalinə göndəriləcək məktubun layihəsi olduğundan burada tarix qeyd olunmayıb. Ancaq, başqa mənbələr məktubun M. C. Bağırov tərəfindən 1947-ci il dekabrın 3-də imzalandığını göstərir. Bundan 20 gün sonra 1947-ci il dekabrın 23-də verilmiş 4083 №-li qərarın isə Ermənistanda yaşayan azərbaycanlıları hansı faciələrlə üz-üzə qoyduğu isə artıq məlum məsələdir.

Köçürülmə məsələlərində ortaya çıxan ən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, 1948-ci ildə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasının başlaması ilə, xaricdən ermənilərin köçürülməsi prosesi kəskin surətdə azalıb. Bunu yuxarıdakı cədvəldən də aydın görmək olur.  1946, 1947-ci illərdə xarici ölkələrdən köçürülmüş ermənilərin əksəriyyəti kəndlərə getməkdən imtina edərək ya şəhərlərdə yerləşdirilmişdi, ya da köçərək SSRİ-nin başqa regionlarına getmişdilər. Nəticədə Ermənistan ərazisində azərbaycanlılardan təmizlənmiş kəndlərin çoxu boş qalmışdı.

Kür- Araz ovalığına  köçürülmüş azərbaycanlılar isə yaşayış yeri ilə təmin olunmadıqlarından kolxozların təsərrüfat binalarında, yerli sakinlərin evlərində və hətta  yeraltı daxmalarda yaşamağa məcbur olurdular. 1949-cu ilin yazında Kür çayının səviyyəsinin qalxması nəticəsində Salyan, Yevlax ərazisində məskunlaşmış Dərələyəzli köçkünlərindən 16 uşaq belə daxmalarda su altında qalaraq boğulub öldü.

Azərbaycan Respublikası Dövlət Arxivində  dözülməz həyat şəraitindən bezmiş azərbaycanlılar təəfindən Respublika  Nazirlər Soveti sədrinə və yerli rayon partiya komitələrinin  katiblərinə  yazılmış  onlarla şikayət ərizəsi saxlanılır. Bu ərizələrin hər biri bir ailənin acı taleyindən xəbər verir:

“Hörmətli katib, vəziyyətimiz olduqca dözülməzdir. Ailəmiz üç-dörd ay açıq səma altında yaşadıqdan sonra əlacsız qalaraq yeraltı daxma düzəldib altında məskunlaşmışıq. Soyuqlar düşüb, qar yağır. İki uşağım acından ölüb, üç uşağım isə ölümcül haldadır. Bəs biz nə edək? Necə dolanaq? Belə getsə ailəmizdə hələlik sağ qalan 5 nəfər də yəqin ki, öləcəkdir.”

 Bu ərizəni Dərələyəz mahalının Qışlaqlı kəndindən köçürülmüş Gözəl adlı bir qadın yazıb. Ərizəsinə heç bir  cavab almayan qadın  bir neçə ay sonra ərini də itirib. Az sonra  özü də  dünyasını dəyişən qadının yetim qalan 3 uşağı  qohumlarının himayəsinə verilib.

1953-cü ildə Stalinin ölümündən sonra  Azərbaycana köçürülmüş əhalinin bir qismi  geriyə- öz ata-baba yurdlarına qayıtmağa başladılar. Bu qayıdışın kütləvi hal alacağından təşvişə düşən Ermənistan SSR rəhbərləri buna qəti etirazlarını bildirirdilər. 1953-cü il oktyabrın 30-da Ermənistanın Kənd təsərrüfatı naziri Qazaryanın imzası ilə Rayon İcraiyyə komitələrinin sədrlərinə Məktub göndərildi.

“Bəzi rayonların kolxoz sədrləri məlumat verirlər ki, Azərbaycana köçürülmüş kolxozçuların bir hissəsi geriyə qayıdıb və yenidən onların kolxoza qəbul edilməsini xahiş edirlər. Bildiririk ki, bu kolxozçular arasında izahat-təbliğat işləri aparmaq lazımdır ki, onlar yenidən geriyə-Azərbaycana qayıtsınlar…”

1954-cü ilin aprelində Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti başda nazir müavini M. Poladov olmaqla Ermənistan SSR-in azərbaycanlılar yaşayan rayonlarını gəzərək onların geri qayıtması səbəblərini araşdırdılar. Onlar öz məlumatlarında göstərirdilər ki, geri qayıtmanın başlıca səbəbi Kür-Araz ovalığında köçürülənlər üçün lazımi şəraitin olmaması, Ermənistanın dağ rayonlarından köçürülən azərbaycanlıların bu yerlərin iqliminə alışa bilməməsidir. Onların məlumatına görə, 1954-cü ilin aprelinə qədər 1155 təsərrüfat geriyə – özlərinin əvvəlki yerlərinə qayıdıb.

Arayışda geriyə qayıtmanın qarşısını almaq üçün konkret təkliflər də irəli sürülürdü.  Bu təkliflər sırasında Azərbaycan SSR-in Kür-Araz ovalığında onlar üçün əlverişli şərait yaradılması, Ermənistan SSR-ə dönənləri orada yenidən məskunlaşmağa qoymamaq, özləri üçün yeni evlər tikməyə, həyətyanı təsərrüfat yaratmağa icazə verməmək təklif olunurdu.

1954-cü ilin mayında və sentyabrında azərbaycanlı əhalinin köçürüldüyü rayonların icraiyyə komitələrinin sədrlərinə və rayon partiya komitələri katiblərinə respublika partiya və hökumət rəhbərlərinin imzası ilə göndərilmiş məktubda həmin rayonlara köçürülənlərin Azərbaycan SSR-in başqa rayonlarına getməsinin və Ermənistan SSR-ə geri qayıtmasının tezliklə qarşısını almaq tapşırılırdı.

1961-ci ildə SSRİ hökuməti xaricdə yaşayan ermənilərin yeni dəstəsinin qəbul edilməsi haqqında qərar qəbul etdi.

1962-ci ildən başlayaraq Ermənistan SSR ərazisinə xarici ölkələrdə yaşayan ermənilərin yeni kütləvi köçü başladı və bu 1982-ci ilə qədər davam elədi. Bu illər ərzində Ermənistan SSR-ə İran (24283), Suriya (4848), Misir ( 727), Türkiyə (547), Kipr ( 505), Livan (378), İraq (291), Yunanıstan (53), ABŞ (50), Fransa (71),  Argentina (49),  İsrail (25) və digər ölkələrdən (93) 31 920 erməni köçürüldü.

Sovet təbliğat maşınının və bu işdə onun əsas müttəfiqləri olan erməni diasporu və erməni kilsəsinin təşviqatı hesabına aldadılıb Ermənistana köçürülən ermənilər üçün bu torpaqlar heç vaxt “itirilmiş vətənin- “Böyük Ermənistanın bərpa olunmuş parçası” olmadı.  Köçüb gələn ermənilər bu torpaqlarda özlərini həmişə yad hiss edirdilər.

Təsadüfi deyil ki,  SSRİ Daxili İşlər Naziri N. Şelokovun  1974-cü il  mart ayının 12-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosundakı  məruzəsi Sovet İttifaqında yaşayan ermənilərin emiqrasiyaya ən çox meylli millət olduğunu göstərir.

“Təxminən 1949-cu ildən başlayaraq repatriantların bir hissəsi xarici ölkələrdə daimi yaşamağa icazə üçün müraciətlər etməyə başlayıblar.  Bu müraciətlərdə səbəb kimi əsasən onu  göstərirlər ki, 1948-ci ildə Fransa, ABŞ və Livandan repatriasiya prosesi dayandırıldıqdan sonra onların bu ölkələrdə çoxlu qohumları qalıb və bu adamlar Ermənistana köçmək istəsələr də buna nail ola bilməyiblər.

1963-cü ilə qədər bir qayda olaraq sosialist ölkələrinə köçmək istəyənlərə belə icazələr verilirdi. 1960-cı ildən 1963-cü ilə qədər Dövlət Təhlükəsizlik orqanları tərəfindən yalnız zəmanət verilmiş şəxslərdən  25 nəfərinə kapitalist ölkələrinə getməyə icazə verilib.

1967-ci ildə ermənilərin xaricdən repatriasiyasından çıxış edərək və  repatriantların SSRİ-dən geri qayıtmasından xaricdəki bəzi reaksion qüvvələr tərəfindən antisovet təbliğatında istifadə olunacağından ehtiyat edərək, xaricə köçmələrin həcmi 6%-ə qədər azaldıldı.

Ancaq 1973-cü ildə xaricə köçmək istəyənlərin sayı yenə də artıb.  Ərizə verənlərin əksəriyyətinə rədd cavabı Ermənistan SSR Daxili İşlər Nazirliyi tərəfindən verilib. Bu adamların yaşayış yeri və işlə təmin olunması, müstəqil ailələri olması və xaricdə yaşayan qohumlarından asılı olmamaları imtina üçün əsas səbəb  kimi göstərilib.   Digər tərəfdən bu adamlar xarici ölkələrə köçəcəkləri halda SSRİ-də də  onların başqa yaxın qohumları qalır.

Bütün bunları nəzərə alaraq Daxili İşlər Nazirliyi Dövlət Təhlükəsizliyi orqanları ilə birgə  erməni əsilli sovet vətəndaşları arasında emiqrasiya əhval-ruhiyyəsini azaltmağa  çalışsa da hələ də bu kateqoriyadan olan vətəndaşlar arasında xarici ölkələrə köçmək istəyənlərin sayı gün-gündən artır.”

Bu məruzə edilən vaxt Ermənistan SSR əhalisi 2 740 000 nəfər idi.  Aradan 40 il keçdikdən sonra  bu ölkədə faktiki olaraq  2 milyona yaxın əhali yaşayır.

1985-ci ldə Mixail Qorbaçovun hakimiyyətə gəlişi ilə onun ətrafına topladığı ermənilər və ermənipərəst qüvvələr dərhal hərəkətə keçərək çoxdan ürəklərində gəzdirdikləri «Böyük Ermənistan» ideyasını reallaşdırmaq üçün çoxdan hazırladıqları planı ortaya qoydular. Mixail Qorbaçovun xeyir- duasını alan erməni millətçiləri üçün niyyətlərinin həyata keçirilməsi yolunda indi bircə maneə qalırdı. Bu, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sov. İKP Siyasi Bürosunun yeganə azərbaycanlı üzvü olan Heydər Əliyev idi. Hələ Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrlərdən Heydər Əliyevin bu məsələyə sərt və kəskin münasibətindən xəbərdar olan erməni separatçıları və onların Kremldəki havadarları  ilk tədbir kimi, 1987-ci ildə onun tutduğu vəzifədən uzaqlaşdırılmasına nail oldular.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin yalnız erməni deputatların iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV XDS-nin konstitusiyaya zidd qərarını rədd etdikdən sonra, Ermənistanın millətçi rəhbərləri “Daşnaksutyun” partiyasının “Türksüz Ermənistan” proqramını həyata keçirməyə başladılar.

1988-ci il feralın 19-dan e’tibarən İrəvanda kütləvi mitinqlər başlandı. Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. Erməni millətçiləri üçün Ermənistanda ən münbit rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlını oradan çıxarmaq Qarabağ məsələsini həll etmək qədər vacib idi.

 Azərbaycan rəhbərliyinin hadisələri düzgün qiymətləndirə bilməməsinə baxmayaraq Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar onları gözləyən real təhlükəni hiss edirdilər. 88-ci ilin yayından başlayaraq azərbaycanlıların kompakt yaşadıqları Amasiya, Vedi, Krasnoselo, Basarkeçər rayonlarında Ermənistanın ərazi iddialarına qarşı etiraz mitinqləri başladı.

Ancaq yenə də arxasızlıq və Azərbaycan rəhbərliyindən dəstəyin olmaması ermənilərin əl-qolunu açdı. Etirazçılara qarşı repressiyalara başlandı.

Ermənistan rəhbərliyi azərbaycanlıların təhlükəsizliyinin qorunmasına təminat verməməklə, azərbaycanlılar  arasında vahimə və qorxu yaradaraq Ermənistandan deportasiya edilməsinə başladı.

Lakin bu da faciəsiz ötüşmədi. Qukark rayonunda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürüldü, onların 21-i qadın 6-sı uşaq idi.

Bu təmizləmə  əməliyyatları nəticəsində 200 mindən artıq azərbaycanlı öz doğma yurdlarından qovuldu, 216 nəfər qətlə yetirildi.

Beləliklə erməni millətçilərinin “Türksüz Ermənistan” siyasətinin son mərhələsi həyata keçirildi. Ermənistan monoetnik dövlətə çevrildi.