GƏRNİBASAR

Gərnibasar mahalı Ağrıdağ vadisində, Araz çayının şərq sahilindən başlayaraq Göyçə mahalına qədər uzanan ərazidə yerləşir. Zəngibasar, Qırxbulaq, Vedibasar  və Göyçə mahalları ilə əhatə olunan Gərnibasar mahalının dağlıq və  düzənlik hissələri öz mənbəyini Ağmanqan dağ silsiləsinin yüksək zirvələrindən götürən və  bütün mahal ərazisini kəsib keçən Gərni çayı tərəfindən iki yerə bölünür. Gərnibasar mahalının adı da elə bu çayın adından götürülüb.  Araz sahillərinə qədər uzanan  Qızıldağ və Ağdağ dağ silsilələrinə aid  Qızıldağ, Yellicə, Qaqavuz, Bayburt dağları  Gərnibasarı Vedibasardan ayırır. 

Gərni çayının sağ sahilində Baş Gərni kəndi ərazisində yerləşən və  Qar-qar, Gər-gər, Her-her türk tayfasının adını daşıyan Gərni qalası və Gərni məbədi qədim türklərin bu ərazidə hələ eramızdan əvvəl məskunlaşdığından  xəbər verir.

Mərkəzi Qəmərli yaşayış məntəqəsi olan  və 52 kəndi əhatə edən Gərnibasar mahalı İrəvan xanlığının 15 mahalından biri olub.

1828-ci il Rus işğalından sonra mahal İrəvan qəzasının tərkibinə daxil edilib. 1930-cu il sentaybrın 9-da Ermənistan SSR hökumətinin qərarı ilə  Gərnibasar mahalının 507 kv km-lik ərazisində Qəmərli rayonu yaradıldı. 1945-ci il sentyabrın 4-də Qəmərli adı dəyişdirilərək  Artaşat edildi. 1948-53-cü il deportasiyasından sonra tarixi Gərnibasar ərazisi tamamilə erməniləşdirildi.