GÖYÇƏ
Qərbi Azərbaycan ərazisindəki ən böyük mahallardan biri olan Göyçə mahalı, şimaldan və şimal-şərqdən Şahdağ, şərqdən Keytidağ, cənub və cənub-şərqdən Basarkeçər yaylası, qərbdən Göyçə, şimal-qərbdən Pəmbək silsilələri ilə əhatələnib. Dörd tərəfdən dağlarla əhatə olunmuş mahalın ərazisinin böyük bir hissəsini, dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşən Göyçə gölü tütür. Dərələyəz, Vedibasar, Gərnibasar, Qırxbulaq, Dərəçiçək, Şəmşəddil, Gədəbəy, Daşkəsən və Kəlbəcər əraziləri ilə həmsərhəd olan mahalın yaşayış məntəqələri əsasən gölün sahili boyu dağların döşündə və gölün cənubunda yerləşən Məzrə düzənliyində salınıb.
Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edən Göyçə mahalı, İrəvan xanlığının inzibati ərazi bölgüsünə daxil olan 15 mahaldan ən böyüyü idi.
1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının Çar Rusiyası tərəfindən işğalından sonra Göyçə mahalı Dərəçiçək və Qırxbulaq mahalları ilə bərabər bu ərazidə yaradılmış İrəvan quberniyasının Yeni-Bəyazid qəzasının tərkibinə daxil oldu. 1829-cu ildən başlayaraq mahalın Göyçə gölünün Qərb sahillərində olan ərazisinə kütləvi şəkildə ermənilər köçürüldü.
1918-20-ci illərdə Göyçə mahalının Şərq hissəsi Göyçə uyezdi kimi Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olsa da, yeni rus bolşevik imperiyası 1922-ci il martın 12-də bu ərazini də qanunsuz şəkildə Ermənistana verdi.
1930-cu il sentyabrın 9-da Ermənistan ərazisinin rayonlaşdırılması zamanı, Göyçə mahalı Ördəkli, Kəvər, Qaranlıq və Basarkeçər rayonlarına bölündü. 5 kənd isə Qaraqoyunlu ərazisində təşkil olunmuş Çəmbərək rayonuna verildi. 1931-ci ildə Basarkeçərdə 12662 erməni, 17306 nəfər azərbaycanlı yaşayırdı.
1948-53-cü illərdə bütün Qərbi Azərbaycanda olduğu kimi, Göyçə mahalında yaşayan azərbaycanlı əhalinin də deportasiyasına başlandı. Kəvər və Qaranlıq rayonlarından və Basarkeçərin Qızılvəng və Yarpızlı kəndlərindən azərbaycanlılar tamamilə göçürüldü. Basarkeçər rayonunda azərbaycanlılar yaşayan 33 kəndin və Çəmbərək rayonundakı 5 kəndin isə heç birinin əhalisi bütövlükdə köçürülmədi və 1988-ci ilə qədər mövcudluğunu saxladı.